BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində İsraildə təşkil olunan yay düşərgəsinə yollanacaq şəkərli diabetli yeniyetmələrlə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik də iştirak edib. Səmimi şəraitdə keçən görüşdə səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, İsrail nümayəndələri ilə davamlı görüşlər iki ölkə arasında əlaqələrin və dostluq münasibətlərin getdikcə möhkəmlənməsinə töhfələr verəcək. Nazir şəkərli diabetdən əziyyət çəkən uşaq və yeniyetmələr üçün İsraildə yay düşərgəsinin təşkil olunmasını humanizm prinsiplərinə əsaslanan bir addım kimi yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin uşaqların və yeniyetmələrin sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığı da bildirib. Səhiyyə naziri gələcəkdə də uşaq və yeniyetmələr üçün nəzərdə tutulan belə tədbirlərin qarşılıqlı şəkildə ardıcıl olaraq hər iki dövlətdə təşkil olunmasının zəruriliyini diqqətə çatdırıb”.
Sonra xəbərdə, “öz növbəsində səfir C.Dik Azərbaycanda uşaqlara dövlət tərəfindən göstərilən qayğını yüksək qiymətləndirib. Qeyd edilib ki, beynəlxalq müstəvidə həyata keçirilən bu layihədə iştirak etmək üçün ilk olaraq azərbaycanlı uşaq və yeniyetmələr seçilib. Səmimi qəbula görə minnətdarlığını bildirən yeniyetmələr dövlətin qayğısını daim hiss etdiklərini vurğulayıblar. Bildirilib ki, yay düşərgəsi uşaq və yeniyetmələrin səhhətlərinin bərpasında vacib rol oynayacağı ilə yanaşı, onların dünyabaxışlarının inkişafına kömək edəcək, habelə xatirələrində xoş tarix kimi qalacaq” deyə qeyd edilir.
Sonda xatirə şəkli çəkdirilib.