BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Məkanında Beynəlxalq Qısa Filmlər Festivalı (YARAT Shorts) olacaq.
Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “öz qısametrajlı bədii ekran əsərlərini nümayiş etdirmək istəyən, yenicə fəaliyyətə başlamış və ya karyeralarının inkişaf mərhələsində olan Azərbaycan kinorejissorları üçün filmlərin qəbulunu açıq elan edilib. Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan, gənc istedadlar üçün platforma yaratmaq, yerli kinorejissorların filmlərinin geniş auditoriya arasında tanınmasını təmin etməkdir. Bu il nümayiş olunacaq filmlərdə “Qadınlar və qadınların cəmiyyətdəki rolu”, “Tənhalıq və özünüinkişaf”, “Yaddaş və mental landşaftlar” mövzularına toxunmalı, yaxud müəyyən dərəcədə bu mövzuları əhatə etməlidir. Britaniya kinematoqrafiyasının nümunələri, British Council ilə birgə tərəfdaşlıq çərçivəsində, BAFTA Film Awards-ın qalibləri tərəfindən təmsil ediləcək”.
Sonra xəbərdə bildirilir ki, “festivalda iştirak hüququ qazanmaq üçün Azərbaycan mənşəli və ya əsilli kinematoqrafçıların birgə prodüser, rejissor və ya ssenari işi olan, ümumi müddəti 30 dəqiqədən az olan (yekun titrlər daxil olmaqla) istənilən film və ya video layihəsi (Bura ssenari əsasında hazırlanmış və ya improvizasiya xarakterli fantastika, eksperimental film, video və animasiya daxil ola bilər) ilkin seçim tələblərinə cavab verməlidir. Qısametrajlı filmlərin festivalda iştirak hüququna təsir edən, premyera ilə bağlı xüsusi tələblər və ya məhdudiyyətlər yoxdur. Filmlər daha əvvəl istənilən festivallarda və ya digər ictimai sərgilərdə nümayiş etdirilə, televiziya kanalları və ya İnternetdə yayımlana/translyasiya edilə, yaxud dünyanın istənilən yerində, istənilən məişət texnikası və ya digər ictimai yayım platformasından istifadə etməklə təqdim edilə bilər”.
Qeyd edək ki, filmləri təqdim etmək üçün 20 avqust son tarixdir. Seçilmiş filmlər isə sentyabrda nümayiş olunacaq.