BAYRAQDAR MEDİA – Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Uqandada səfərdədir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən daxil olub.
Xəbərdə deyilir ki, “səfər çərçivəsində Uqanda Prezidenti Yoveri Kaquta Museveni nümayəndə heyətini qəbul edib. Ü.Mehdiyev Uqandanın Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Dövlət Agentliyinin sədri Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə fəal dəstək verdiyinə görə Uqanda tərəfinə təşəkkür edib və Azərbaycan tərəfindən də Uqandanın Hərəkata sədrliyinə üçlük üzvü kimi yaxından dəstək veriləcəyini qeyd edib”.
Daha sonra xəbərdə qeyd olunur ki, “görüş zamanı Dövlət Agentliyinin sədri 11 il əvvəl Prezident İ.Əliyevin təşəbbüsü ilə dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovasiyalar, mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi (ESD) sistemi barədə məlumat verib, “ASAN xidmət” konsepsiyasını Prezident Museveniyə təqdim edib. Uqanda Prezidenti salamlara görə minnətdarlığını bildirib, öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. “ASAN xidmət” konsepsiyasının Uqandada tətbiqinin önəmini vurğulayaraq bu istiqamətdə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Həmçinin öz ölkəsində “ASAN xidmət”in ESD sisteminə keçidə başlanılması ilə bağlı müvafiq tapşırıq verib”.
Sonda Uqanda Prezidentinə “ABAD”çı ailəsi tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.
Qeyd edək ki, nümayəndə heyətinin Uqandaya səfəri davam edir. Səfər çərçivəsində Uqandanın Hoima şəhərində “ASAN xidmət” konsepsiyası əsasında yaradılan Xidmət Mərkəzinin açılışı planlaşdırılır.