Press "Enter" to skip to content

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başlayır

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – İyulun 25-də saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “sənəd qəbulu 31 iyul saat 23:59-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də Azərbaycanda və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu portal vasitəsilə həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək (bərpa olunmaq) istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə sorğu göndərə bilərlər”.

Sonra xəbərdə qeyd olunur ki, “köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır”.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Mission News Theme by Compete Themes.