Son yeniləmə: 25 İyul 2023 12:58
BAYRAQDAR MEDİA – Yeni tədris ilində Maqtımqulu adına Türkmənistan Dövlət Universitetində “sosial iş” ixtisası üzrə yeni kurs açılacaq. Bu kursa 10 nəfər kadr hazırlığına cəlb olunacaq.
Türkmenportal.com saytı xəbər verir ki, bu barədə “Türkmənistan” qəzetinin iyulun 24-dəki sayında məlumat verilib.
Məlumata görə, bu kursun açılması Türkmənistan hökuməti və BMT agentlikləri tərəfindən 2020-ci ildən həyata keçirilən “Yerli səviyyədə inklüziv keyfiyyətli sosial xidmətlərin tətbiqi yolu ilə sosial müdafiə sisteminin təkmilləşdirilməsi” adlı birgə proqramın nəticəsidir: “Gələcəkdə TDU tərəfindən hazırlanacaq sosial iş üzrə mütəxəssislər beynəlxalq standartlara cavab verən peşəkar bacarıqlara malik olacaqlar. Bu kursun məzunları dövlət əmək və əhalinin sosial müdafiəsi, təhsil, səhiyyə sistemlərində, Daxili İşlər Nazirliyində, yerli icra hakimiyyəti orqanlarında, habelə ictimai təşkilatlarda, müəssisə və təşkilatlarda sosial iş üzrə mütəxəssis, müəllim və pedaqoji psixoloq kimi fəaliyyət göstərə biləcəklər”.