BAYRAQDAR MEDİA – Millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabındakı paylaşımla cahil, xurafata inanan kəsimi tənqid edib.
O, bildirib ki, “bu gün Naxçıvanda Əshabü Kəhf adlanan məkanda xurafatın, cahilliyin bir neçə fraqmentini müşahidə etdim. Bir qrup qayanın altına doluşub başına yaş damcı düşməsini gözləyir. Digər qrup əlini bir əl maketinə sürtüb nəyisə Allahdan diləyir. Başqa biriləri bir yaylıq asılan oyuğa yığışıb daş tullayırlar ki, görən niyyətləri yerinə gələcəkmi? Biriləri də qayanın altındakı oyuqda divara daş yapışdırmağa çalışırlar. Ən maraqlısı isə bir neçə yekəpər qadının iri qaya parçasının arasındakı dar oyuqdan keçmə yarışı idi. Arada fasilə verildi, çünki bir gonbul qadın oyuqda ilişib qalmışdı. Hələ buraya 100 metrlik məsafəni sürünmə üsulu ilə qət etməyə çalışan, qızıl-zinət əşyalarını nəzir qutusuna salmağa çalışan insanlarımızın da olduğunu nəzarətçilər söyləyirlər. Bunlar hamısı 21-ci əsrdə baş verir. Tam əmin olun: 22-ci, 23-cü əsrdə də eyni cür olacaq. Bütün bunlar həm də bizim yaşadığımız ənənəvi dinin atributlarıdır. Buradan çıxıb yaxşı ki, millətin işıq gələn, aydınlıq saçan nadir sayda məkanlarından birinə, yəni Cavidin məzarına üz tutub xeyli düşünməli oldum. Bu qaranlığa, cahilliyə düşkün bir çoxluğu hara daşımaq mümkündür?”