Son yeniləmə: 25 İyul 2023 12:24
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Məsləhət Qrupuna üzv seçilib. 2023-2024-cü illərdə fəaliyyət göstərəcək ICPEN Məsləhət Qrupuna hazırda Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisi sədrlik edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Məsləhət Qrupuna üzvlük Azərbaycanın Şəbəkəyə üzv ölkələrlə müvafiq sahədə əməkdaşlığının gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və effektiv tətbiqi istiqamətində aparılan işlərə töhfə verəcək: “Təşkilata üzvlük çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İCPEN-in Məsləhət Qrupunun bu günlərdə baş tutan ilk iclasında iştirak edib. İclasda istehlakçı hüquqlarının müdafiəsi sahəsində əsas prinsiplər, tətbiq edilən mühafizə metodları, üzv dövlətlərlə əməkdaşlıq sahələri və qarşıda duran məsələlər müzakirə edilib. Qeyd edək ki, Məsləhət Qrupunda ölkəmizlə yanaşı, ABŞ, Kanada, Kolumbiya, Peru, Portuqaliya, Böyük Britaniya, Almaniya, İrlandiya, Latviya, Niderland, Belçika, Norveç, Türkiyə, Avstraliya, Yeni Zelandiya, Zimbabve və Esvatini təmsil olunur”.