BAYRAQDAR MEDİA – Fetullahcı Terör Örgütü, yəni hamımızın bildiyimiz FETÖ-yə qarşı Azərbaycanda yeni hərəkat başlanıb. Alqışlayırıq və dövlətimizdən bu məsələdə tam və qəti davranmasını gözləyirik.
İllərdir həyəcan təbili çalırdıq bu şəbəkə ilə bağlı. İllərdir bunların təşkilatlanmış basqıları altındayıq. Şəxsimizi, ailə üzvlərimizi hədəfə alırlar, təhqir yağmuruna tuturlar, işimizdə, cəmiyyət içində irəli getməyimizi əngəlləyirlər. Biz də bunu zaman-zaman dilə gətirib dövlətimizi köməyə çağırırıq. Amma bunlar hətta dövlət içində də o qədər arxayın davranırlar ki, bizim səsimiz lazım olan ünvanlara çatmır. Yaxud da çatır, amma bunların anti-təbliğatı bizi günahkar kimi təqdim etməyi bacarır.
Ən azından bizə belə görünür illərdir…
Amma baş verən son hadisələr, özəlliklə də 4 nəfərin saxlanılması, onun ardınca da bir siyasi hərəkat rəhbərinin izinə düşülərək axtarış aparılması və onun da şübhəli şəxs qismində tutuqlanması bu dəfə dövlətin daha qərarlı davranacağından xəbər verir. Biz buna ümid edirik.
FETÖ Azərbaycanda hər yerdə var. Azərbaycanla bərabər digər qardaş türk dövlətlərində də bu və ya digər şəkildə təsir imkanlarını saxlayır bu qorxunc şəbəkə. Özəlliklə də qardaş Qırğızıstanda onların mövqeləri son bir neçə ilə kimi olduqca möhkəm idi. Çünki bir öncəki ölkə başçısı açıq şəkildə onlara himayədarlıq edirdi. Hətta o dərəcədə ki, ölkənin öncəki Prezidenti Almazbek Atambayev qardaş Türkiyənin bu yöndə çağırışlarını kobud şəkildə rədd edərək “heç kimin bizim daxili işlərimizə qarışmağa ixtiyarı yoxdur” deyəcək qədər dövlət ədəbinə zidd davranmışdı…
Amma indi qardaş Qırğızıstanda vəziyyət kökündən dəyişib. Hazırkı Prezident Sadır Caparov məhz başçılıq etdiyi dövlətin maraqlarına uyğun hərəkət edərək mümkün qısa müddətdə FETÖ-nün Orta Asiya imamının zərərsizləşdirilərək Türkiyəyə aparılmasına şərait yaratdı. Yəni Qırğızıstan dövlətinin təhlükəsizliyi və inkişafının tələblərinə uyğun olaraq bu addım atıldı…
Qardaş Özbəkistan isə hələ 7 il öncə Türkiyədə FETÖ çevriliş cəhdi olmazdan öncə bu şəbəkəni əməlli-başlı çökdürmüşdü…
Qazaxıstan da öz dövlət maraqlarını qorumaq üçün bu şəbəkəyə münasibətdə yetərincə doğru addımlar atır.
Azərbaycana gəlincə isə, bizim dövlətimiz 2016-cı ilin 15 iyul çevriliş cəhdinin ilk anlarından konkret mövqe sərgiləməsi ilə diqqət çəkmişdi. Şəxsən xatırlayıram ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövlət maşını tam anlamında qardaş Türkiyə dövlətinin yanında yer aldı, onun qorunması üçün mümkün töhfələri verdi.
15 iyul 2016-cı il FETÖ çevriliş cəhdinin nəticələrinin aradan qaldırılması və Türkiyənin möhkəm ayaqlar üzərində durması, eləcə də Azərbaycanın yeni təhlükələrə məruz qalmaması üçün şəxsən mən də ictimai rəylə işləyən birisi olaraq yetərincə çalışdım. Amma təəssüflər olsun ki, sonrakı mərhələdə bu şəbəkənin gizli fəaliyyət göstərən qalıqları şəxsimi yetərincə küncə sıxışdırmağı da bacardı…
Haşiyə: İndiki adı FETÖ olan bu şəbəkəylə mənim tanışlığım 1995-ci ilə gedib çıxır. Onda çox adamlar, hətta dövlətin rəsmiləri də düşünməzdi ki, bunlar gələcəkdə başımıza bəla olacaqlar. Amma mən bir gənc tələbə olaraq onları deşifrə etmişdim və bunun nəticəsi olaraq təhsilimin ikinci ilinin tamamında – 1997-ci ildə böyük bir qovğadan sonra onlara aid Qafqaz Universitetindəki təhsilimi yarıda kəsməli olmuşdum…
İndi dövlətimiz FETÖ qalıqları ilə mübarizəni davam etdirir. Bu işdə qardaş Türkiyə də yetərincə dəstək verir. Bizim də vətəndaş və ictimai rəy generatoru olaraq vəzifəmiz bu prosesdə dövlətlərimizin yanında yer almaqdır.
FETÖ bütün şəbəkəsi ilə çökdürülməlidir. Özəlliklə də təhsil sistemindəki şəbəkənin zərərsizləşdirilməsi yönündə ciddi işlər aparılmalıdır. Onların mediada, iş aləmində olan qalıqları da təmizlənməlidir. Çünki bu şəbəkə o qədər təhlükəlidir ki, bu gün dost bildiklərimiz sabah qarşımıza düşmən kimi çıxaraq hər birimizi təəccübləndirə biləcək qədər qorxuncdur…
Biz heç nəyə baxmayaraq FETÖ ilə mücadilədə dövlətimizin yanında olmuşuq, olmağa da davam edəcəyik! Və kimsə bu məsələ ilə bağlı manipulyasiya etməsin! Son günlərin hadisələri fonunda siyasi fəal Qubad İbadoğlunun saxlanılmasını da ora-bura yozmaq lazım deyil. Biz, hər halda onun övladının 44 günlük müqəddəs Vətən savaşı günlərində anti-Azərbaycan şəbəkədə yer alan çağırışlara qoşulmasını da unutmamışıq. Təsadüf idimi?..