Press "Enter" to skip to content

Bu, Rusiya üçün intihara bərabər olar

Dr. Yücel Karauz

Son yeniləmə: 24 İyul 2023 11:31

Dr. Yücel Karauz: Rusiya daha bir strateji yanlışlığa yol versə, o zaman nəinki başqa ölkənin torpağını ələ keçirə, əksinə, öz torpaqlarını belə itirə bilər

BAYRAQDAR MEDİA – “Vladimir Putin keşmiş Rusiya imperiyası ərazisinə daxil olan torpaqları indiki Rusiyanın torpaqları kimi qələmə verməkdədir. Halbuki BMT sənədlərinə, o cümlədən beynəlxalq hüquqa əsasən bu torpaqlar hazırda ayrı-ayrı ölkələrə məxsudur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Xatırladaq ki, V.Putin bu günlərdə Polşanı hədəfə alıb. Məlumatlara əsasən, Rusiya Prezidenti Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə bir sıra xarici siyasət məsələlərinə toxunub. O cümlədən qonşu Polşanın ərazi bütövlüyünü şübhə altına alıb: “Sovet İttifaqı sayəsində, Stalinin mövqeyi sayəsində Polşa Qərbdə əhəmiyyətli torpaqlar, Almaniya torpaqlarını aldı. Məhz belədir, indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublar? Biz onlara xatırladarıq”.

“Bəs, V.Putinin bu açıqlaması Rusiyanın daha bir müharibəyə cəlb olunmasına səbəb ola bilərmi” sualına cavabında isə Dr. Y.Karauz deyib: “Rusiya hazırki durumu ilə daha bir müharibəyə başlaya bilməz. Çünki hər hansı bir savaşın iqtisadadi, siyasi, maliyyə baxımdan dəstəklənməsi xüsusi önəm kəsb edir. Rusiyada isə bu şərtlər mövcud deyil. Yəni, Rusiyada hazırda bu sahələrdə sıxıntılar var. Ən əsası isə Rusiya Ukrayna ilə müharibədə qalib gəlməyib. Bir sözlə, Rusiyanın Ukrayna ilə müharibə apardığı bir dönəmdə Polşaya qarşı bu addımlar sadəcə çılğınlıqdan başqa bir şey deyildir”.

Dr. Y.Karauz Rusiyanın Polşaya hücum edəcəyini düşünməsə də, “əgər hücum edərsə, bu zaman üçüncü dünya müharibəsi başlayacaq. Çünki NATO üzvü olan Polşaya qarşı hücum NATO-nuin beçinci maddəsinə uyğun olaraq bütövlükdə bu alyansa qarşı hücum kimi dəyərləndiriləcək. Bu isə ümumilikdə 31 üzvün Rusiyaya qarşı savaşı demək olacaq. Bu da indiki dünəmdə Rusiya üçün intihardan başqa bir şey olmayacaq. Ümumiyyətlə, Ukraynadan sonra Rusiya daha bir streteji yanlışlığa yol versə, o zaman nəinki başqa ölkənin torpağını ələ keçirə, əksinə, öz torpaqlarını belə itirə bilər”.

Mission News Theme by Compete Themes.