BAYRAQDAR MEDİA – İyulun 19-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”), ASAN İnnovativ İnkişaf Mərkəzinin və Haber Global televiziyasının birgə tərəfdaşlığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə media nümayəndələri, blogerlər üçün 22 İyul – Milli Mətbuat Gününə həsr edilmiş təlim proqramı təşkil edilib.
ASAN Radionun əməkdaşı Zaur Baxışın moderatorluğu ilə keçirilən tədbirdə öncə “ASAN xidmət”in sədri Ülvi Mehdiyev çıxış edərək rəhbəri olduğu qurumun yaranma tarixi, fəaliyyəti haqqında geniş məlumat verib. Çıxışında Milli Mətbuat Gününə toxunan sədr Azərbaycanda medianın inkişafı haqqında da danışıb. Həmçinin o, “ASAN xidmət”in fəaliyyət göstərdiyi 11 il ərzində medianın hər zaman onun yanında olduğunu dilə gətirib.
Sonra “Haber Global”ın Proqramlar Müdiri Temel Okaygün xəbərin əldə edilməsi, çatdırılması haqqında danışıb, bu yöndə Türkiyə təcrübəsini anladıb. O, həmçinin müxbirin, redaktorun vəzifələri, fəaliyyəti ilə bağlı məlumatları da auditoriyaya çatdırıb.
Ardınca “Haber Global”ın aparıcısı Saynur Tezel “24 saat televizyon haberciliği ve haber sunumu” məruzəsi ilə geniş çıxış edərək Türkiyədə fəaliyyət göstərən bir çox xəbər kanallarının tarixi, fəaliyyətindən danışıb. Aparıcı canlı yayım təcrübəsindən də bəhs edib, bu peşəyə marağı olanların qarşısında çətin öhdəliklərin olduğunu deyib.
Öz növbəsində “Web Özəl” xəbər məsləhətçisi Can Mumay xəbərlərin sosial media platformalarında doğru, düzgün paylaşılması haqda məlumat verib.
Tədbir auditoriya ilə sual-cavab formasında davam edib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.