Son yeniləmə: 20 İyul 2023 10:58
BAYRAQDAR MEDİA – Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsi ilə Özbəkistanın Nəvai bölgəsi arasında imzalanan protokolla qardaşlıq körpüsü yaradılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Denizli Böyükşəhər Bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, Denizli Böyükşəhər Bələdiyyəsi ilə Nəvai Bölgəsi arasında iqtisadi və sosial əlaqələri inkişaf etdirmək, mədəniyyət, turizm, incəsənət, təhsil və idman kimi sahələrdə əməkdaşlıq etmək, müştərək layihələri inkişaf etdirmək və bu sahədə əməkdaşlıq etmək məqsədilə qardaş şəhər protokolu imzalanıb. Mərasimdə Denizli Böyükşəhər Bələdiyyə sədrinin müavini Ali Değirmenci, Nəvai vilayətinin qubernatoru Normat Tursunov, Güney Ege Sənaye və Biznes Federasiyasının (GESIFED) prezidenti Oktay Mersin, Nəvai bölgəsindən olan iş adamları və menecerlər iştirak ediblər.
Nəvai vilayətinin qubernatoru Tursunov qardaş ölkələr Özbəkistan və Türkiyə arasında əlaqələrin çox yaxşı olduğunu vurğulayıb.
İki ölkə arasında əməkdaşlığın artmaqda və inkişaf etməkdə davam etdiyini deyən Normat Tursunov Dənizli və Nəvai bölgələrinin sosial və mədəni oxşarlıqlarına da toxunaraq, iki bölgənin sənayesinin zirvədə olduğunu və çox inkişaf etdiyini dilə gətirib.