BAYRAQDAR MEDİA – İkidə bir qarşımıza bir müzakirə çıxır. Özəlliklə də sosial mediada. Baxırıq ki, bəlli bir qrup adam ortalığa düşüb, “batmaqda olan Azərbaycan təhsili”nə vay tutur. İddia edilir ki, elm və təhsil naziri Emin Əmrullayev təhsilin başına daş salıbmış. Hətta o da iddia edilir ki, nazir rüşvət içində batıb, boğulur.
Açığı, E.Əmrullayevi yaxından tanımırıq. Amma təhsillə əlaqəsi olan bir ailənin üzvü kimi gedən prosesləri yaxından izləyirik. İzləyirik və bilirik ki, E.Əmrullayev korrupsiyadan uzaq bir şəxs təsiri bağışlayır.
Hələ bu bir yana. Eyni zamanda o da diqqətimizi çəkir ki, nazir olduqca açıq danışır. Özünütənqiddən də çəkinmir. Üstəlik, bəzi “sanballı ekspertlər” onun yazdığı hər sözdə qüsur tutmağa çalışır.
Bütün bu baş verənlər də sonda onunla yekunlaşdırılır ki, “təhsilimiz batır”.
Doğrudanmı batır Azərbaycan təhsili?
Belə baxanda biz batdığını deyil, təhsilin yeni dövrə çətinliklə də olsa uyğunlaşdırılmasını müşahidə edirik. Əlbəttə, bu prosesə əngəl olmağa çalışanlar da az deyil. Elə E.Əmrullayevi hədəfə alanların önündə də o adamlar gedir. Bunlar ömrü boyu rüşvətlə nəfəs almış parazit-məmurlardır ki, dürüst, təmiz işləyən kadrları, o cümlədən də Prezidentin etimad göstərdiyi nazirləri əllərində əsas və dəlil olmadan hədəfə alırlar.
Onu da sezirik ki, E.Əmrullayevi hədəfə alanların arxasından, Prezident İlham Əliyevin məşhur sözüylə desək, “erməni qulaqları” görünür (burada “erməni” deyəndə təhsil sisteminin içində olub nazir kürsüsünə göz dikənləri nəzərdə tuturuq)…
Amma biz indilikdə bu məsələni bir kənara qoyub Azərbaycan təhsilinin durumuyla bağlı diqqətimizi çəkən bir məqamı vurğulamaq istərdik.
…Bugünlərdə xəbər kanallarında yenə də Azərbaycan məktəblilərinin hansısa beynəlxalq yarışmada qızıl, gümüş, bürünc medallar qazanaraq üzümüzü ağ etdikləri haqqında xəbərlər tirajlanırdı. Təbii ki, nazirin özü də bunu qürurla paylaşırdı. Biz də növbəti uğur kimi bunu təqdir edirdik.
Məhz belə bir durumda ağlımıza gəldi ki, durub-durduğu yerdə təhsilin batdığını iddia edənlər üçün kiçik bir araşdırma aparaq. Təbii olaraq sözügedən Nazirliyin ictimai əlaqələrinə məsul, bizim də yeri gələndə tənqid etdiyimiz Cəsarət Valehova müraciət etdik. Sağ olsun, olduqca operativ şəkildə gərəkli rəqəmləri göndərdi.
Və təkcə bu rəqəmlər ondan xəbər verir ki, Azərbaycan təhsili nəinki batmır, bata bilməz, üstəlik də ciddi şəkildə irəli gedir.
Nazirlikdən təqdim edilən rəqəmlərə görə, təkcə bu ilin ilk yarısında, yəni 6 ayda Azərbaycan məktəbliləri 8 fənn üzrə təşkil edilmiş olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanıb! Yuvarlaq desək, 500 medal! Az qala hər tədris ayına 100 medal düşür! O da bildirilir ki, qaliblər Respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir.
Və dahası da var! Nazirlik bildirir ki, 2022-2023-cü tədris ilində Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 1 qızıl, 11 gümüş, 17 bürünc – ümumilikdə 29 medal və 5 həvəsləndirici mükafat əldə ediblər!
Bu da tam deyil!
Son beş ildə bizim balaca dühalarımız beynəlxalq yarışmalardan ölkəmizə 20 qızıl, 90 gümüş, 181 bürünc olmaqla ümumilikdə 291 medal və 60 həvəsləndirici mükafatla dönüblər!
Batırmı təhsilimiz? Təkcə bu rəqəmlərə baxılarsa, batmır, əksinə, beynəlxalq səviyyədə irəlilədikcə irəliləyir!
Bəs batdığını iddia edənlər nəyə əsaslanır? Yaxud, bunu iddia edənlər kimlərdir?
Bir qayda olaraq belə iddiaları tirajlayan və tirajlatanlar, yuxarıda da qeyd etdiyim kimi, nazirin kürsüsünə göz dikən, nəfəsini belə rüşvətlə alıb verən, özəlliklə də Prezident İlham Əliyevin apardığı islahatları gözü götürməyən pozucu kontingentə aid şəxslərdir…
Yeri gəlmişkən, E.Əmrullayev 27 iyul 2020-ci ildə təhsil (hazırda elm və təhsil) naziri təyin edilib. Yəni cəmi üç ildir ki, bu vəzifədədir. Üstəlik də vəzifəyə gəldiyi ilk gündən köhnə təfəkkürlü kadrların dirənişinə baxmayaraq yeniləmə xətti götürüb, daha keyfiyyətli peşəkarları irəli çəkməyə çalışır (köhnə qafalılar əllərindən gələni edir ki, həmin kadrları gözdən salsınlar və bu yolla da E.Əmrullayevin “yarıtmaz nazir” obrazını yaratsınlar)…
Onu da xatırlatmaq yerinə düşər ki, E.Əmrullayevdən öncə iki il müddətində təhsil naziri vəzifəsini hazırkı xarici işlər naziri Ceyhun Bayramov tuturdu. Ondan da öncə – 2013-2017-ci illərdə isə hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarov bu qurumun rəhbəri idi. Yəni ötən 10 il ərzində 3 şəxs quruma rəhbərlik edib. Və iş ondadır ki, onların hər üçünü zaman-zaman tənqid etsək də bir müddət sonra həyata keçirmək istədikləri islahatların faydasını da görmüşük. Üstəlik, C.Bayramov da, M.Cabbarov da hazırda öz fəallığıyla seçilən nazirlərdəndir…
Demək istədiyimiz əsas məsələ isə bir qədər də başqadır. Təhsil məsələləri bir aya, bir ilə həll edilmir, edilə bilməz. Bu, uzunmüddətli prosesdir. Yəni uzun illər oturuşmuş və təhsilin iliyinə qədər işləmiş mənfiliklərin 1 ilə, 3 ilə, lap elə 10 ilə sonadək həll edilə biləcəyini gözləməyək. Həm də o problemlərin həllində heç bir töhfə vermədən tənqid etmək də asandır axı. Bəlkə əsassız tənqidləri tirajlamazdan öncə bizim özümüzün vətəndaş olaraq təhsildə keyfiyyət dəyişikliyinə hansı töhfə verdiyimizə baxaq?
Bir də özəlliklə vurğulamaq lazımdır ki, E.Əmrullayev də özündən öncəkilər kimi əvvəlcədən işləməkdə olan on minlərlə müəllimlə bu təhsili irəli aparmalıdır. Amma həmin müəllimlərin arasında hansısa kolxoz dövründən qalan kolxoz təfəkkürlülər, yaxud da bir zamanlar mövcud olan hərc-mərclikdən istifadə edərək pulla diplom alanlar da az deyil axı. Yəni xammal bundan ibarətdirsə, təhsildəki neqativləri yüz E.Əmrullayev də gəlsə tam olaraq təmizləyə bilməz. Biz zatən təmizləmək istəyənlərin başına gətirilənləri də görürük və bilirik ki, yenilənməyə – islahata çox ciddi dirəniş var. Həmin o kolxoz dövründən qalmış kolxoz təfəkkürlülər tərəfindən. Ki, onların da sayı heç də az deyil…
Hələ davamlı olaraq məlum bir deputatın da (xalq arasında adı “50 manatlıq” olub bir vaxtlar) bu kolxozbaşlara qoşulmasını demirik…
Sonda: Əslində başlığı dırnaqda yazmalı idim. Amma bilərəkdən dırnaqsız yazdım ki, təhsil sisteminə hər fürsətdə çamur atmaq istəyənlər anidən həvəslənsinlər və yazını acgözlüklə oxusunlar. Əminəm ki, yazının heç sonuna çatmamış iştahaları qursaqlarında qalacaq. Onlar öz yerində, tərəfsiz və obyektiv oxucularımıza özəl təşəkkürümüzü də yazımıza əlavə edirik. Hər sahədə, o cümlədən təhsildə qüsurlarımız yox deyil. Amma unutmayaq ki, bu qüsurları aradan qaldırmaq üçün hamımız əl-ələ verməliyik…