Son yeniləmə: 19 İyul 2023 08:47
BAYRAQDAR MEDİA – Qırğızıstan parlamentində aprelin 24-də Qırğızıstanda “Dövlət dili haqqında” qanun layihəsi qəbul edilmişdi. Layihəyə əsasən Qırğızıstanın bütün dövlət qurumlarının rəsmi yazışmalarda qırğız dilindən istifadə edilməlidir. Bu şərt dövlət qulluqçuları üçün də nəzərdə tutulurdu.
Kırım Haber Ajansının məlumatına görə, parlamentin ilk addımından sonra 31 may 2023-cü ildə dövlət qurumlarında və digər rəsmi idarələrdə çalışan məmurları qırğızca danışmağa məcbur edən qanun layihəsi qəbul edilib: “Qəbul edilmiş qanun layihəsində qırğız dilinin tətbiqi, dil siyasətinin həyata keçirilməsi və dövlət orqanlarının inkişafı ilə bağlı bəzi öhdəliklər qoyulmuşdur. Qırğız dilinin işlədilməsi ilə bağlı atılan addımların sonuncusu Qırğızıstan Prezidenti Sadır Caparovdan gəlib. Belə ki, parlamentdə qəbul edilən “Dövlət dili haqqında” qanun dövlət başçısnın imzası ilə qüvvəyə minib”.
Məlumata əsasən, dövlət başçısının imzaladığı dil qanunu çərçivəsində təhsil, mədəniyyət, səhiyyə, elm və media daxil olmaqla, bütün sahələrdə qırğız dilinin istifadəsi məcburi hala salınıb: “Qüvvəyə minən qanun çərçivəsində dövlət qulluqçularından tutmuş özəl sektor işçilərinə qədər hər sahədə çalışanların qırğızca danışması məcburi olub. Qırğızıstanda fəaliyyət göstərən media orqanlarının yayımladığı proqramların ən azı 60 faizinin qırğız dilində olması müəyyən edilib. Bundan əlavə, rus dili ölkədə rəsmi dil olaraq qalmağa davam edəcək”.