Press "Enter" to skip to content

İTV və Radio Yayım Şurasının yeni sədri bəlli oldu – VİDEO

Teymur Kərimli

Son yeniləmə: 19 İyul 2023 22:27

BAYRAQDAR MEDİA – İyulun 19-da İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının toplantısı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya İTV-dən daxil olub.

Xəbərdə bildirilir ki, “toplantıda Yayım Şurasına yeni sədr seçkisi ilə bağlı məsələyə baxılıb. Qurum üzvləri sədrliyə Azərbaycan Milli Elmlər Akademiyasını Şurada təmsil edən Teymur Kərimlinin namizədliyini irəli sürüblər. Açıq səsvermə yolu ilə Teymur Kərimli yekdilliklə 2029-cu ilədək Yayım Şurasının sədri seçilib. Yeni sədr öz növbəsində, göstərilən etimada görə minnətdarlığını bildirib”.

O da bildirilir ki, “İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni televiziya və radio mövsümünə hazırlığı müzakirə edilib. Şirkətin Baş direktoru Balakişi Qasımov Yayım Şurasını növbəti mövsümdə reallaşdırılacaq iri layihələr barədə məlumatlandırıb. Qeyd olunub ki, növbəti ildə İctimai Televiziya iri layihələrlə yanaşı, beynəlxalq səviyyəli idman yarışları, o cümlədən futbol üzrə Avropa Çempionatı və Olimpiya oyunlarının rəsmi yayımçısı olacaq. Bundan əlavə, televiziyada bir sıra yeni serialların istehsalı nəzərdə tutulur. Eyni zamanda, kanal ictimai-siyasi və maarifləndirici proqramların keyfiyyətini artırmaq məqsədilə bir sıra yeniliklərə imza atmağı planlaşdırır”.

Xəbərdə xatırladılır ki, “Yayım Şurası 9 nəfərdən ibarətdir. “İctimai televiziya və radio yayımı haqqında qanun”a əsasən, bu şəxslərin namizədliyi Həmkarlar İttifaqları Konfederasiyası, Mətbuat Şurası, Azərbaycan Milli Elmlər Akademiyası, idman federasiyaları, gənclər təşkilatları, dini konfessiyalar, Sahibkarlar Şurası, qadın cəmiyyətləri, yaradıcılıq təşkilatları tərəfindən irəli sürülür və Milli Məclisdə təsdiq olunur”.

Toplantı sonrası xatirə şəkli
Toplantı sonrası xatirə şəkli

Xəbərə yeni sədrlə bağlı qısa bilgi də əlavə edilib: Teymur Kərimli 1953-cü ildə anadan olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir. Teymur Kərimli filologiya üzrə elmlər doktoru, bir çox kitabın və elmi araşdırmanın müəllifidir.

Mission News Theme by Compete Themes.