BAYRAQDAR MEDİA – Urmiya (Urmu) gölünün qəsdən qurudulması fəlakəti ilə bağlı bir qrup Güney Azərbaycanın siyasi təşkilatı bəyanatla çıxış edib.
BAYRAQDAR MEDİA-ya iyulun 19-da daxil olan bəyanatın mətnində deyilir:
Məqsədli irqi və müstəmləkəçi siyasətlərlə Urmiya gölünün qəsdən qurudulması faciəsi İran İslam Respublikasının totalitar, irticaçı və irqçi quruluşunun məzlum xalqlara qarşı həyata keçirdiyi anti-bəşəri faciələrindən biridir.
Yüz ilə yaxındır ki, Tehran hökmdarları və mərkəzçi mütəfəkkirlər Azərbaycanda “məcburi köç və demoqrafik tərkibin dəyişdirilməsi üçün yaşayışa yararsız” siyasəti ilə Azərbaycan türk xalqının yeraltı mədənlərini hər gün talamaqla, dövlətin mühafizəsini təmin ediblər, uzunmüddətli və məqsədyönlü layihələr həyata keçirməklə onun məhv edilməsinə şərait yaradıblar.
Urmiya gölü İslam Respublikasının uzunmüddətli doktrinası ilə bu ekoloji qoruğun və insanlığın məhvinə zəmin hazırladığı hallardan biridir. Başqa etnosların torpağının yeraltı sərvətlərindən qoparılan milyardlarla dollarla mərkəzi səhralar abadlaşdırılır, Azərbaycan türk xalqının kökünü baltalamaq üçün Urmiya gölü məhv olmağa məhkum edilir.
Digər tərəfdən İslam Respublikası rejimi Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsinə qəsdən göz yummaqla bölgədə çox böyük bir fəlakət yaratmış və rayon əhalisini xərçəng sunamisi ilə üz-üzə qoymuşdur. Ermənistandan Araz çayına axan nüvə tullantıları İslam Respublikasının razılığı və etirazsızlığı ilə formalaşır və onun məqsədi Arazın sərhəd zolağının türklərdən boşaldılması və bölgənin əhali tərkibinin dəyişdirilməsidir.
Yeraltı, ekoloji, insani və iqtisadi sərvətlərimizin İslam Respublikasının korrupsioner rejimi tərəfindən talan və məhv edilməsini görən və dərindən hiss edən biz Güney Azərbaycanın siyasi təşkilatları, Urmiya gölünün qəsdən qurudulmasını qətiyyətlə pisləyir, bu ekoloji və insani fəlakətə hər vasitə ilə və istənilən yolla etiraz etməyi qanuni hesab edir və xalqımızın etirazlarının yanındayıq.
Azərbaycan Mərkəzi Partiyası – AMP
Azərbaycan Milli Müqavimət Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkatı – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP