BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə cari ilin iyul ayı ərzində 610 hektaradək ərazi minalardan tam təmizlənib.
Bu haqda xəbər iyulun 18-də BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 32 min 285 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 min 207 ədəd piyada əleyhinə, 2 min 580 ədəd tank əleyhinə mina və 10 min 447 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində yeni təminat yolları çəkilib. Cari ilin iyul ayı ərzində 70 km-dən artıq mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib”.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.