Press "Enter" to skip to content

Həkim-pediatrdan körpələrin qidalanması haqqında tövsiyələr

Tərlan Əyyubov

Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-pediatr Tərlan Əyyubov: Körpələrin ən azı 6 ayadək ana südü ilə qidalanması çox mühüm əhəmiyyət kəsb edir

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-pediatr Tərlan Əyyubov 0-12 aylıq körpələrin gündəlik qidalanması haqqında məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, “T.Əyyubov 0-12 aylıq körpələrin gündəlik qidalanması ilə bağlı danışarkən bildirib ki, körpələrin qidalandırması üçün qəbul edilmiş cədvəllərin olmasına baxmayaraq, bu məsələdə hər bir körpəyə fərdi yanaşmaq lazımdır: “Elə uşaq var ki, tez-tez yemək istəyir, digəri isə bir dəfəyə çox yeyir və növbəti qidaya qədər olan müddət onun rejimində daha uzun olur. Eyni zamanda, onlar böyüdükcə həm birdəfəlik qida miqdarları, həm də qidalar arasındakı zaman da artır. Tibb mütəxəssisləri uşaqda aclıq hissi yarananda onları qidalandırmağı məsləhət görürlər. Əksər yenidoğulmuşlar hər 2-3 saatdan bir və ya gün ərzində 8-12 dəfə qidalana bilərlər. Həyatın ilk günlərində bir qidalanma həcmi 15-20 ml olur, sonra 30-60 ml-ə qədər qalxır və körpənin 3-4 həftəsinə artıq 60-90 ml-ə kimi çatır””.

O qeyd edib ki, əvvəllər körpəyə meyvə şirələrini 3 ayından sonra başlayaraq vermək məsləhət görülürdüsə, indi isə 1 yaşadək məsləhət görmürlər.

Süni qidalanma seçmək məcburiyyətində olan anaların nəyə diqqət etməli olduqlarından danışan mütəxəssis-ekspert deyib ki, birinci növbədə uşağın yaşına uyğun qidaları seçmələri lazımdır: “Hazırda satılan formulaların üzərində yaşdan asılı olaraq “0”,”1”,”2”,”3” yazıları var. “0” yarımçıq doğulan uşaqlar üçün nəzərdə tutulur, “1” nömrə yazılan formulalar 0-6 yaş qrupu, “2” – uyğun olaraq 6-12, “3” isə 12 aydan böyük yaş qrupu üçün nəzərdə tutulub. Yaş artdıqca uşaqların bu və ya digər minerallara, vitaminlərə, kaloriyə ehtiyacları dəyişdiyi üçün bu formulaların da tərkibləri fərqlidir və uşağa süni qida veriləndə mütləq onun hansı yaş qrupuna aidliyinə fikir vermək lazımdır Bəzən olur ki, valideynlər öz-özlərinə yüksək və ya hissəvi hidrolizə edilmiş və ya amin turşu tərkibli formulalara keçirlər. Onu bildirmək istərdim ki, bu düzgün deyil. Hissəvi hidrolizə edilmiş formulalarda allergiya yaranma ehtimalı var, yüksək hidrolizə edilmiş və amin turşu tərkibli formulalar isə müalicəvi formulalar olduqlarından onları özbaşına təyin etmək olmaz. Ümumiyyətlə, allergiya əleyhinə olan smesləri təyin etməzdən əvvəl analiz vermək və əmin olmaq lazımdır ki, süd zulallarına qarşı allergiya var ya yox”.

T.Əyyubov körpəni gecə qidalandırmağın da lazımlı olduğunu bildirib: “Körpənin gecə qidalanması da lazımdır. Bu, elmi cəhətdən sübut edilmiş faktlara əsaslanır. Bir yaşa qədər körpələrdə maddələr mübadiləsi sürətlənir, qida daha tez həzm olunur və təbii ki, gecələr onlarda aclıq hissi yaranır. Süni qidalanmada olan uşaqlara gəldikdə isə, onların gecə oyanıb yeməsi ehtimalları daha azdır. Əksər hallarda 6-7 ayından sonra onlar gecələr qidalanma üçün oyanmırlar”.

Həkim-pediatr həmçinin südverən ananın körpənin sağlamlığı üçün qida rasionunun tərkibində kofein olan qidalardan, “Fast food”lardan, yarımfabrikatlardan, ədviyyatlardan, alkoqoldan, tərkibində civə çox olan dəniz məhsullarından (bəzi balıq növləri – tuna balığı, skumbriya və s.) uzaq durmalarını məsləhət görüb, onların çoxlu su içməli olduqlarını, (təqribən gün ərzində 2-2,5 litrəyə qədər), eyni zamanda, bol meyvə-tərəvəzdən istifadə etmələrini tövsiyə edib.

Mission News Theme by Compete Themes.