Press "Enter" to skip to content

Ermənistan beynəlxalq hüquqa hörmətsizlik edir

Son yeniləmə: 18 İyul 2023 17:36

“Niderlandda Azərbaycan Evi”ndən beynəlxalq ictimaiyyətə müraciət

BAYRAQDAR MEDİA – Niderland Krallığında fəaliyyət göstərən “Niderlandda Azərbaycan Evi” Azərbaycan ərazilərində Ermənistanın yaratdığı mina təhlükəsi ilə bağlı növbəti dəfə beynəlxalq ictimaiyyətə müraciət edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müraciətdə Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkarın bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət alması, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etdiyi vurğulanıb: “Diqqətə çatdırılıb ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olaraq qalmaqdadır. Bu təhlükə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaradır. Ermənistanın mina problemi ilə bağlı yolverilməz davranışını beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi adlandıran “Niderlandda Azərbaycan Evi” beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıb. Eyni zamanda, Azərbaycanın texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin olunmasının zəruriliyi bir daha vurğulanıb”.

Mission News Theme by Compete Themes.