Son yeniləmə: 18 İyul 2023 15:00
BAYRAQDAR MEDİA – Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt – PTB) nümayəndə heyəti “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları” layihəsi çərçivəsində Bakıya işgüzar səfər edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 18-də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, “11-14 iyul tarixlərində PTB ekspertləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və qurumun tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxslərin nümayəndələri ilə görüşlər keçirib, keyfiyyət infrastrukturu qurumlarında mövcud vəziyyətlə tanış olublar. Görüşlər çərçivəsində seçilmiş məhsullar üzrə dəyər zəncirləri üçün xidmət və prosedurların təkmilləşdirilməsi müzakirə olunub, məhsul olaraq tikinti materialları qrupuna aid olan gil dam örtüyünün və döşəmə plitələrin seçildiyi vurğulanıb”.
Həmçinin sözügedən məhsulların təhlükəsizlik və keyfiyyət tələblərinin müəyyənləşdirilməsi, standartlaşdırma, sınaq və sertifikatlaşdırma xidmətləri üzrə fəaliyyət planı ətrafında detallı təhlillər aparılıb: “Layihə çərçivəsində müvafiq tikinti materiallarına dair milli texniki reqlamentlərin və istinad standartlarının hazırlanması müzakirə edilib. Bundan əlavə, Azərbaycan üzrə seçilmiş dəyər zəncirlərində standartlaşdırma, metrologiya və akkreditasiya proseslərinə dəstək məsələləri nəzərdən keçirilib”.