Son yeniləmə: 18 İyul 2023 12:35
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətər Ticarət və Sənaye Palatasının prezidenti Xəlifə Bin Casem Əl Tani ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 18-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Qətər Birgə Biznes Şurası çərçivəsində əməkdaşlığa, bu il hər iki ölkədən sahibkarların iştirakı ilə şuranın ilk iclasının keçirilməsinə dair fikir mübadiləsi aparılıb: “Qeyd edək ki, Azərbaycan-Qətər Birgə Biznes Şurasının yaradılması haqqında 2022-ci ildə KOBİA və Qətər Ticarət və Sənaye Palatası arasında saziş imzalanıb. Biznes Şurası Azərbaycan və Qətər arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin daha da inkişafı məqsədilə sahibkarların təşəbbüslərinə, bizneslər, o cümlədən KOB-lar arasında birbaşa əlaqələrin qurulmasına, tədbirlərin təşkilinə, qarşılıqlı məlumat mübadiləsinə dəstək olur”.