Son yeniləmə: 18 İyul 2023 12:53
BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycanda aqrar texnologiyalara dair müxtəlif müsabiqə, yarışma, hakaton və festivallar keçirilir. Bu müsabiqələrin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviqi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 18-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahəyə dair müxtəlif yarış, müsabiqə və festivallarda öz startap layihələri ilə iştirak etmiş gənclərlə görüşüb: “Nazir müqabiqələrdə təqdim olunan startap layihələrini müsbət qiymətləndirib, bu layihələrin gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalında səmərələliliyin artmasına müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb. Nazirlik tərəfindən aqrar startaplara hər cür dəstəyin göstəriləcəyini deyən Məcnun Məmmədov hazırlanacaq aqrar sahədə tətbiq olunacaq yeni texnologiyaların ölkə iqtisadiyyatının inkişafına dəstək verəcəyini bildirib və bu istiqamətdə göstərdikləri fəaliyyətdə startapçılara uğurlar arzulayıb”.
Məlumata görə, görüşdə qeyd olunub ki, bölgələrdə keçirilən Aqrar İnnovasiya Festivallarında 10-dan artıq ali məktəbin 20-dən çox startap komandası edir. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı, “Agro X”, “Greenovation”, “Ideathon on Agrinnovation”, “Baku Food Hackathon”, “Gələcək üçün bacarıqlar” müsabiqələrində iştirak etmiş startapçılar öz layihə və prototiplərini təqdim ediblər.
Qeyd edilib ki, “Layihələr arasında fındıq məhsulunu toplayan qurğu, arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, yerli bal istehsalçıları arasında birbaşa əlaqələrin qurulması üzrə platforma, suvarmanın süni intellektlə idarəolunması məqsədilə avadanlıq və web platforma, avtomobillər üçün portativ qida bloku, qrunt sularını idarəedən səki daşları, bioqaz, geni modifikasiya olunmuş baramalar, iqlim stansiyası, dəqiq suvarma idarəçiliyi üçün sensor, ağıllı istixana idarəetmə sistemi, alaq otlarını lazer sistemi ilə təmizləyən aqro-robot kimi startaplar daha çox maraq doğurub. Görüşdə məhsul istehsalının artırılması üçün aqrotexniki qulluq qaydalarını asanlaşdıran startap layihələri ilə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb”.