Press "Enter" to skip to content

Şəhid övladları üçün “YAŞAT” düşərgəsi başlayıb

Şəhid övladları üçün “YAŞAT” düşərgəsi

BAYRAQDAR MEDİA – İyulun 16-da “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality’’nin tərəfdaşlığı ilə 3-cü “YAŞAT” düşərgəsinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “YAŞAT” Fondundan daxil olub.

Xəbərdə deyilir ki, “ümumilikdə 300-dən çox uşağı əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək. “Shamakhi Palace Sharadil” Hotelində keçiriləcək hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək. Sentyabr ayının əvvəlinədək reallaşdırılacaq düşərgələrdə şəhidlərin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər”.

Sonra xəbərdə bildirilir ki, “düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək. Hər düşərgədə sponsorlar və dəstəkçilər tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcək”.

Həmçinin xəbərdə, “düşərgənin ilk günündə ilkin olaraq Şamaxı şəhərinin müxtəlif yerlərinə ekskursiyalar edən uşaqlar sonra hotel ərazisinin oyun parkında maraqlı vaxt keçiriblər. 17 iyul tarixində – düşərgənin ikinci günündə iştirakçılar üçün psixoloqlarla görüş gerçəkləşib. Düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Eyubova, ‘’PMD Hospitality” şirkətinin İdarə heyətinin üzvü Çağlar Göncüler iştirak ediblər. Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Həmçinin Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib” deyə qeyd olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla yad edilir. Eyni zamanda bu cür düşərgələr onların yadigarlarının həm yeni biliklər və bacarıqlar əldə etmələrinə, həm də asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olacaq.

Mərasimdən sonra şəhid Novruz Əsgərovun övladı Toğrul Əsgərlinin ad günü qeyd olunub.

Düşərgənin ikinci günü hoteldaxili əyləncə, stolüstü oyun saatı, ferma gəzintisi, günün sonunda isə əyləncəli proqramla davam etdirilib.

Mission News Theme by Compete Themes.