Son yeniləmə: 17 İyul 2023 13:22
BAYRAQDAR MEDİA – Dostlardan biri deyir ki, vayfay yeni-yeni Azərbaycana ayaq basanda maraqlı və gülməli bir hadisə ilə qarşılaşıblar. Deməli, Ağsu dolayları ilə gedərkən yol qırağındakı kiçik kafelərdən birinin önündə orada vayfayın olduğuna işarə edən nişana rast gəlirlər. Dərhal maşını saxlayıb, orada otururlar.
Gerisini elə dostumun dili ilə təqdim edirəm: “Düşündük ki, həm yemək yeyərik, həm də internetdən istifadə edərik. Oturandan sonra bizə qulluq edən gənci çağırıb, “zəhmət olmasa vayfayın kodunu deyin” deyə müraciət etdik. Gənc bir xeyli duruxub, bizə baxandan sonra kafenin sahibinin yanına qaçdı. Sonra kafe sahibi bizə yaxınlaşıb “bu oğlanı yeni işə götürmüşəm, sizin sifariş verdiyiniz yeməyin nə olduğunu tam bilməyib. Nə yemək istəyirdiniz?” deyə soruşdu. Bizdə ona vayfayın kodunu bilmək istədiyimizi dedik. Bu dəfə də o, üzündə sual dolu ifadə ilə bir xeyli durdurqdan sonra “vayfay nədir” deyə bizdən soruşdu. Bu zaman qapıya yapışdırdığı işarəni ona göstərdik və izah etdik. Cavabı isə bizi xeyli güldürdü: “Vallah bunun internet olduğunu bilmirəm. Bakıya getmişdim. Gördüm bütün restoranların üstündə bu şəkildən var, mən də birini alıb burada yapıdırmaq qərarına gəldim. Elə bildim bunu yapışdırmaq moddur”.
Bu əhvalatı yenidən xatırlamağım və hörmətli oxuculara da təqdim etməyim heç də təsadüfi deyil. Məsələ burasındadır ki, eyni hal indi də m10 tətbiqi ilə bağlı yaşanır. Özü də təkcə rayonlarda deyil, elə Bakının düz mərkəzində.
Öncə onu deyim ki, stimulaşdırıcı və vədinin arxasında reallıq dayanan bütün tətbiq və yükləmələrdən istifadə etmək mənim bir növ hobbimdir. Xeyli vaxtdır m10 tətbiqindən də telefon vasitəsilə köçürmələrdə rahatlıqla istifadə edir və hər dəfə də müəyyən, cüzi də olsa məbləğ qazanıram. Bu yaxınlarda isə tətbiqdən bir mesaj gəldi ki, üç mərhələni keçəndən sonra bəlli bir məbləğ qazanmaq olar. Sadəcə bunun üçün market, yaxud apteklərdə m10 üzərindən alış-veriş etmək şərti var.
Beləliklə, mən də üz tutdum bəzi market və apteklərə. Amma bəlli oldu ki, o Ağsu dolaylarındakı kafenin sahibi kimi Bakıda və rayonlardakı bəzi aptek və marketlər də m10 tətbiqinin burada keçərli olmaısna dair işarəni sadəcə, belə demək mümkünsə moda xətrinə yapışdırıblar. Reallığa gələndə isə əksər satıcılar heç m10 nədir bilmirlər. Yaxud da, ən yaxşı halda, “hələ proqram yüklənməyib, ona görə m10 üzərindən ödəmənin edilməsi mümkün deyil” deyirlər.
Yəqin ki, tezliklə, həmin market və apteklərin m10 tapmacasına bir cavab tapılar.