Son yeniləmə: 17 İyul 2023 11:05
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “İnformasiya hüququ fundamental insan hüquq və azadlığı kimi: elmi-maarifləndirmə təşəbbüsləri” adlı layihənin icrasına başlanılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “2 ay müddətinə Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi informasiya hüququnun fundamental insan hüquq və azadlığı kimi ətraflı şəkildə təhlil olunması, ölkəmizin informasiya təhlükəsizliyi nəzərə alınmaqla Açıq Hökumətin əsas komponenti olan informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə onlayn hüquqi elmi-maarifləndirmə tədbirlərinin təşkil olunmasıdır”.
Məlumata əsasən, layihədə çərçivəsində “İnformasiya hüququ” adlı elektron kitabın hazırlanması və vəsaitin internet üzərindən elektron formada yayımlanması nəzərdə tutulur: “Özündə beynəlxalq və milli hüquqi bilgiləri əks etdirən elektron kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, Bakı Avrasiya Universitetinin dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcid, elmi redaktoru isə hüquq üzrə elmlər doktoru Mətanət Əsgərovadır. Layihənin icrası nəticəsində informasiya hüququ sahəsində məlumat əldə etmək istəyən internet istifadəçiləri və sosial şəbəkə istifadəçiləri, Azərbaycan mediasında çalışan jurnalistlər, informasiya hüququ sahəsində elmi araşdırma aparan elm adamları, hüquqşünaslar və geniş ictimaiyyyət elektron kitab əldə etmək imkanı qazanacaqlar”.