Press "Enter" to skip to content

“Qadın bəşəriyyətin başlanğıcı kimi” adlı diskussiya

Diskussiyadan görüntü

BAYRAQDAR MEDİA – İyulun 13-də YARAT Müasir İncəsənət Məkanının XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Yer kürəsi və incəsənət” müzakirə layihəsi çərçivəsində “Qadın bəşəriyyətin başlanğıcı kimi” adlı diskussiya keçirilib.

Mina Abbasovanın moderatorluğu ilə olan tədbirdə qonaqlar rəssam, heykəltəraş İslam Həsənəlizadə və müstəqil tədqiqatçı Əfsanə Tahirova olub.

Öncə M.Abbasova mövzu ilə bağlı ümumi məlumat verib. Həmçinin Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ, “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” konvensiya, eləcə də H.Z.Tağıyevin qızlar məktəbi, Cəfər Cabbarlının “Sevil” əsəri, Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə çəkilmiş “Bismillah” filmi və s. kimi bir çox nümunələri qeyd edərək bunlarla qadının sosial statusunun təsirinə verilən töhfələri xatırladıb.

Sonra Ə.Tahirova və İ.Həsənəlizadə mövzu ilə bağlı fikirlər səsləndiriblər.

Mövzu ilə bağlı Ə.Tahirova, “bu gün Azərbaycan ailələrində, dünyada, eləcə də incəsənətdə qadının həyatında nələr baş verir?” sualı ətrafında fikirlərini çatdırıb. Qadınların azad, səlahiyyətli, xoşbəxt, təhlükəsiz olmadıqlarını vurğulayan tədqiqatçı, həmçinin bir çox qadınların istədikləri resurslara çıxış imkanlarının da olmadığını deyib. O bildirib ki, cəmiyyətdə qadın ailə, məişət qayğıları səbəbinə görə kişidən geri qalır. Ə.Tahirova hətta incəsənət sahəsini seçən əksər qadınların evləndikdən sonra öz sənətlərinə davam edə bilmədiklərini qeyd edib. Bu kimi bir çox xüsusiyyətlər ilə hazırkı Azərbaycan cəmiyyətinin hələ də köhnəlmiş fikirlərdə qaldığını deyən Ə.Tahirova müasir dövrdə qadınların zorakılığa məruz qalması, selektiv abortlar və s. mövzularda da fikirlərini bildirib.

Öz növbəsində İ.Həsənəlizadə də danışılanlar ətrafında düşüncələrini ifadə edib.

Tədbir zamanı qadın və kişinin bərabərliyi, övladlarının qayğısına qalmaqda yan-yana olmalarının vacibliyi vurğulanıb.

Müzakirə auditoriya ilə sual-cavab şəklində davam edib.

Mission News Theme by Compete Themes.