Press "Enter" to skip to content

Mütəxəssis plevrit xəstəliyi ilə bağlı sualları cavablandırır

Arif Ağayev

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssisi Arif Ağayev Nazirliyin sosial media hesablarına plevrit xəstəliyi ilə bağlı gələn sualları cavablandırıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.

A.Ağayev plevrit və xəstəliyin əsas klinik əlamətləri haqqında məlumat verərək deyib: “Plevra ağciyəri və döş qəfəsinin iç səthini örtən, çox incə qalınlıqda olan zarın adıdır. Bu zarların arasındakı boşluğa plevra boşluğu deyilir. Zarın yalnız iltihabına plevrit adı verilib. Lakin plevrada maye toplanması iltihab anlamına gəlmir. İltihab çoxlu səbəblərdən biridir. Adətən mayenin toplanması yalnız iltihabla əlaqədar olmur, eyni zamanda digər səbəblərlə də bağlı maye toplanması baş verir ki, bunların da ümumi adı hidrotoraks və ya plevral effuziya da deyilir. Normalda plevra boşluğunda 10-20 ml maye var. Bu maye tərkibinə görə qan plazmasına bənzəyir, lakin daha az zülal tərkibinə malikdir. Maye artıq olduqda bunun səbəblərini araşdırmaq lazım gəlir”.

Plevritin simptomları haqqında danışan mütəxəssis-ekspert bildirib ki, adətən 15-20 faiz hallarda xəstəlik asimptomatikdir və yalnız təsadüfi müayinə zamanı aşkar edilir, amma mayenin yığılma səbəbindən asılı olaraq döş qəfəsində ağrı, öskürək, təngnəfəslik, boğulma hissi ilə müşahidə olunur: “Təbii ki, xəstənin şikayətlərini dinlədikdən sonra ağciyər rentgenoqrafiyası, tomoqrafiyası, plevral ultrasonoqrafiya (USM) olunmaqla plevrit diaqnozunu təsdiqləmək mümkündür. Lakin səbəbini araşdırmaq məqsədilə əlavə müayinələrə ehtiyac duyula bilər ki, bunlardan da ən çox tətbiq olunan prosedur plevral punksiyadır (torakosentez). Mayenin laborator analizinə əsasən diaqnozu təsdiqləmək mümkündür. Bununla yanaşı, qan analizi və digər instrumental müayinələrə ehtiyac ola bilər”.

A.Ağayev sözügedən xəstəliyin ilkin diaqnozdan sonra səbəbini müəyyən etmək üçün ümumi terapevtik tədbirlər həyata keçirildiyini deyib. Qeyd edib ki, bu zaman müalicə konservativ-terapevtik və cərrahi ola bilər: “Terapevtik və ya diaqnostik məqsədlər üçün plevral punksiya həyata keçirilə bilər. Bəzən plevral qalıcı drenajlar və cərrahi prosedurlarla icra olunur. Bunlardan diaqnostik və müalicəvi torakoskopiyaları qeyd etmək yerinə düşər”.

Mission News Theme by Compete Themes.