Son yeniləmə: 14 İyul 2023 10:55
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihənin icrasına başlayıb.
1 iyul-1 noyabr tarixləri arasında reallaşdırılacaq layihə gələcək nəsillərə Ulu öndər Heydər Əliyevin türk dünyası qarşısındakı tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır.
İctimai Birlikdən verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanda məktəblilər və gənclər arasında rəsm müsabiqəsi də keçiriləcək: “Rəsm müsabiqəsində iştirak etmək istəyənlər layihənin rəsm müsabiqəsi üzrə eksperti Ülkər Əbülfətlə əlaqə saxlayaraq qeydiyyatdan keçməli və öz rəsmlərini avqustun 15-dək təqdim etməlidirlər. Əlavə məlumat üçün aşağıdakı mobil nömrələrlə əlaqə saxlanıla bilər: +994552639944 və +994518055222”.
Məlumatda daha sonra deyilir: “Müsabiqəyə təqdim ediləcək rəsmlər – Heydər Əliyev və türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığı, türk dünyasının ortaq dəyərləri, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin türk dünyasına müsbət təsiri və s. bu kimi mövzuları əhatə etməlidir. Müsabiqənin final turuna ən yaxşı 20 əsər buraxılacaq. Həmin əsərlər Bakıda keçiriləcək beynəlxalq konfrans çərçivəsində foyedə sərgilənəcək. Müsabiqənin finalına qatılmaq hüququ qazanan hər bir iştirakçıya sertifikat və rəssamlıqla bağlı simvolik hədiyyə, qaliblələrə (1 birinci, 2 ikinci və 3 üçüncü yer üçün) isə fəxri fərman (plaket) və hədiyyələr veriləcək. Müsabiqədə finala qatılmaq hüququ əldə edilən əsərlər müəlliflərə geri qaytarılmır”.