BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında fəlsəfə elmləri doktoru, Prof. Səlahəddin Xəlilovun “Şərq zehniyyəti: mənəviyyatın prioritetliyi” kitabı da var.
Kitabda Şərq zehniyyəti fərdi mənəviyyatın, daxili aləmin üstünlüyünə əsaslanan bir düşüncə tərzi kimi tədqiq və təqdim olunub, Şərq xalqlarının özünəməxsusluğu, mədəni-mənəvi ənənələri, mentaliteti, qəlbin təmizlənməsi missiyası fəlsəfi baxış bucağında nəzərdən keçirilib. Həmçinin insanın mənəvi aləminin strukturunda əxlaqi, estetik və intellektual məqamların yeri və qarşılıqlı əlaqəsi, habelə onların dini hisslə nisbəti məsələləri Şərq və Qərb düşüncə tərzləri kontekstində araşdırılıb.
Nəşrin girişində Əmin ər-Reyhaninin “Mən Şərqəm – fəlsəfənin və dinin sahibiyəm” sözləri verilib.
Kitabın ön sözündə deyilir: “”Şərq zehniyyəti” – sinkretik bir anlayış olub, ənənəvi Şərq xalqlarının mifoloji, dini, ədəbi-bədii və fəlsəfi dünyagörüşünü, düşüncə tərzini əhatə edir. Yaxın, Orta və Uzaq Şərq ölkələri təkcə tarixi-coğrafi baxımdan və ya mədəniyyətlərin yaxınlığı ilə deyil, həm də düşüncə tərzindəki ümumi cəhətlərə görə seçilir, rəmzləşir və elmi ədəbiyyatda Qərbin alternativi, tərəf müqabili kimi götürülür”.
Kitabda “İnsan və dünya”, “İnsan dünyası”, “”Mən” və mənəviyyat”, “Bilik və əməl”, “Elm, təhsil, mənəviyyat”, “Mənəviyyat və müasirlik”, “Fəlsəfə, din, mənəviyyat”, “Milli-mənəvi dəyərlər sistemi”, “Məhəbbət və mənəviyyat”, “Sənət, ədəbiyyat və mənəviyyat” adlı əsas başlıqlarda yazılara yer verilib.
Kitab şərqşünaslıq və Şərq-Qərb komporativistikası, habelə mənəvi kamillik və dini-əxlaqi dəyərlərlə maraqlanan oxuculara ünvanlanıb.