Press "Enter" to skip to content

Kənd təsərrüfatı naziri ADAU-nun kollektivi ilə görüşüb

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Aqrar Universitetində 2022-2023-cü tədris ili başa çatıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADAU-nun professor-müəllim heyəti ilə görüşüb, yekunlaşan tədris ilində universitetdə görülən işləri dəyərləndirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı universitetdə görülən işlər haqqında nazirə məlumat verilib. Bildirilib ki, son tədris ilində universitetdə kadr hazırlığı prosesinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb, ADAU və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə bakalavriat səviyyəsində dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçirilib, qəbul aqronomluq, bitki mühafizəsi, aqromühəndislik və iqtisadiyyat ixtisasları üzrə aparılıb. Həmçinin qeyd olunub ki, universitetə qəbul olmuş tələbələr öz ixtisasları üzrə 4 illik proqramın ilk 3 ilini ADAU-da, son 1 ilini isə İzmirdə Ege Universitetində təhsil alırlar”.

Bundan əlavə, 2022-2023-cü tədris ilində universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinin davam etdirildiyi, fakültələr üçün müasir laboratoriya avadanlıqları alındığı, tədrisin tam şəkildə laboratoriyalarda və tədris təcrübə təsərrüfatında yaradılmış yay və qış auditoriyalarında keçirilməsinin təmin edildiyi diqqətə çatdırılıb. Eləcə də universitetdə hər iki semestr üzrə tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsində şəffaflığın tam təmin olunması üçün imtahan sisteminə dəyişiklik edildiyi, prosesin tam elektronlaşdırıldığı, yeni sistemin tələbələrin bilik və bacarıqlarının tam düzgün dəyərləndirilməsini təmin etdiyi deyilib.

M.Məmmədov ADAU-nun tədris korpuslarında quraşdırılmış yeni laboratoriyalar, simulyasiya otaqları ilə tanış olub, İnnovasiya Mərkəzinə, Karyera Mərkəzinə, Biotexnologiya Mərkəzinə, Tələbə Evinə, Peşə Təlim Mərkəzinə, Baytarlıq Klinikasına, Texnika Parkına, Tədris-Təcrübə Təsərrüfatına baş çəkib, kənd təsərrüfatı ixtisasları üzrə kadr hazırlığı prosesini dəyərləndirib.

Mission News Theme by Compete Themes.