Son yeniləmə: 14 İyul 2023 18:51
İstər uzaq Sibirdə inşa edilən Baykal-Amur Magistralının, istərsə də “Azərbaycan BAM-ı” adlandırılan Yevlax-Balakən dəmir yolu xəttinin tikintisi Heydər Əliyevin adı ilə bağlıdır
BAYRAQDAR MEDİA – 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan ərazilərində quruculuq-bərpa işləri başlandı. Həmin vaxt yaxın dostlarla söhbətdə, “bu işlərin bəlli bir mərhələsindən sonra işğaldan azad edilmiş ərazilərə gənclərdən ibarət könüllü tikinti-abadlıq dəstələri getməlidir. Necə ki, vaxtı ilə BAM-da işləməyə Azərbaycandan gənc könüllü dəstələri getmişdi, indi də Qarabağa gedə bilərlər” demişdim.
Yaddaşımdakı BAM
Düzü, dostlardan bir çoxu dərhal BAM-ın nə olduğunu soruşmuşdu. Bu da təbii idi. Çünki BAM-ın, yəni Baykal-Amur Magistralının tarixi sovetlər dönəminə gedir. Bu magistralın tikintisinə başlanma tarixi, belə demək mümkünsə, mənim anadan olduğum ildən bir il sonraya təsadüf edir. Bu nəhəng, öz dövrü üçün tarixi-coğrafi və sosial-iqtisadi önəm daşıyan magistralın tikintisinə dair qərar 1974-cü ildə verilmişdi.
Bununla bağlı mənbələrdə qeyd edildiyi kimi, Sibirin və Uzaq Şərqin dərindən kəşfi, bu yerlərin zəngin təbii sərvətlərinə sahib olmaq keçmiş SSRİ rəhbərliyinin uzun illər arzusu olub. Bu arzunun reallaşması istiqamətində mühüm rol oynayan qərar isə ötən əsrin 70-ci illərində verilib. Belə ki, əraziyə hərtərəfli hakim olmaq üçün nəhəng magistralın tikintisinin vacib olduğu qənaətinə gələn sovet rəhbərliyi 1974-cü ildə BAM-ın tikintisinə başlayıb.
Məlumatlara əsasən, BAM-ın tikilərək 1980-ci illərin ortalarında tam hazır şəkildə təhvil verilməsi planlaşdırılırdı. Beləliklə, ərazidə 3 min 150 kilometr dəmiryolu xəttinin çəkilməsi, minlərlə körpünün, stansiyaların tikilməsi, şəhər və qəsəbələrin salınması üçün SSRİ-nin bütün regionlarında səfərbərlik başlayır. Hər kəs bu işə öz dəstəyini vermək üçün can atır. Təbii ki, bu sırada azərbaycanlılar xüsusilə fərqlənir. 1974-cü ildə bu magistralın tikintisi ilə bağlı qərar qəbul edildikdə, o zaman Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycandan da minlərlə gənc BAM-ın tikintisinə cəlb olunur.
Ümumiyyətlə, BAM-ın tikintisində Azərbaycanın tarixi imzası var ki, bu da Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu barədə bir qədər sonra ətraflı məlumat verəcəyik.
Hələlik isə onu qeyd etmək istəyirəm ki, BAM-ın mənim xatirimdə dərin iz buraxması heç də təsadüfi deyil. Əvvəla, bu magistralın tikintisində yeni və daha çevik mərhələnin başlanması 1983-84-cü illərə, yəni mənim 10-11 yaşda olduğum dövrə təsadüf edir. Burada vacib bir haşiyə çıxım ki, atam mən hələ birinci sinifdə oxuyandan həmin dövrün aparıcı mətbu orqanlarına abunə olmuşdu. Yəni evimizə həmin dövrün həm rəsmi, həm də uşaq və gəncləri ilə bağlı vacib bütün mətbu nəşrləri gəlirdi desəm, heç də şişirtmiş olmaram. Mən də o nəşrlərdən, həmçinin həmin dövrdə xəbərlərdən tez-tez BAM haqqında eşidir, reportajlarda insanların soyuq, şaxtalı havada necə həvəslə çalışdıqlarını görürdüm. Ulu öndər Heydər Əliyevin bu sahədəki fədakarlığı və misilsiz fəaliyyəti isə bizlərə BAM-ı daha da doğma edirdi.
“Heydər Əliyev mükəmməl təşkilatçılıq bacarığı, qətiyyəti və inamı sayəsində BAM-ın inşasının uğurla başa çatdırılmasına nail olub”
Yeri gəlmişkən, Rusiya nəqliyyat nazirinin müavini Valentin İvanovun Moskvada “Heydər Əliyevin Baykal-Amur magistral (BAM) xəttinin tikintisində müstəsna rolu” mövzusunda keçirilən tədbirdə bəyan etdiyi kimi, Ulu öndər həm də Baykal-Amur magistralının tikintisinə rəhbərlik edən şəxslərdən biri olub: “Heydər Əliyevin səyləri nəticəsində minlərlə kilometr dəmir yolu xətti çəkilib, yeni qəsəbələr və şəhərlər salınıb”.
Məhz həmin tədbirdəki çıxışında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də Ümummilli Liderin Sovet İttifaqının ən nəhəng infrastruktur layihəsi hesab olunan BAM-ın uğurla həyata keçirilməsindəki fövqəladə xidmətlərindən danışıb. Nazir qeyd edib ki, Ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə nəqliyyat sahəsinin kuratoru olaraq mükəmməl təşkilatçılıq bacarığı, qətiyyəti və inamı sayəsində BAM-ın inşasının uğurla başa çatdırılmasına nail olub: “Heydər Əliyev BAM dəmir yolu xəttinin tikintisini Sibirin və Uzaq Şərqin böyük kəşfi kimi qiymətləndirirdi. Çünki bu tikinti ilə dəmir yolu xətti zonasında faydalı qazıntılarla zəngin olan böyük bir ərazi istismara verilib. Heydər Əliyev qısa bir müddətdə BAM-ın coğrafi ərazisini mühüm sənaye bazasına, sosial-iqtisadi və mədəni mərkəzə çevirməyi bacardı”.
Bu məqamda yenə mənbələrə istinad edərək vurğulamaq yerinə düşər ki, 1982-ci ilin axırlarında hakimiyyətə gələn Yuri Andropovun xüsusi diqqət ayırdığı sahələrdən biri məhz BAM olur. Və bu ağır sahəyə rəhbərlik nüfuzlu, təsərrüfatçılıq sahəsində böyük bir təcrübəyə malik olan Heydər Əliyevə tapşırılır.
Məlumatlara əsasən, 1983-cü il martın 4-də SSRİ Nazirlər Sovetinin BAM-ın tikintisi üzrə komissiyasının Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında bu tikilinin ən aktual məsələləri gündəliyə salınır, müzakirə edilir. Heydər Əliyevin qətiyyəti və verdiyi cəsarətli qərarın sayəsində 1984-cü ildə BAM-ın fəaliyyətə başlaması mümkün olur. Məlumatlarda qeyd olunur ki, həmin vaxt BAM-ın bütün xətt üzrə işə düşməsinə başlıca maneə Severomuysk tunelində yaranmış obyektiv çətinlik idi. Lakin burada da Ulu öndərin bacarığı öz sözünü deyir. Məhz Heydər Əliyevin məsələni yerində araşdırması və düzgün qərar verməsi ilə tunelin dolama yolunun tikintisinə qərar verilir ki, bu da başlıca problemi həll etməyə imkan verir.
BAM deyəndə, həm də Yevlax yada düşürdü
Burada yenə də BAM-la bağlı uşaqlıq xatirələrimə baş vurmağı vacib sayıram. Məsələ burasındadır ki, biz uşaq olanda həm də doğulduğumuz Yevlaxla bağlı da tez-tez BAM-ın adı çəkilirdi. Söhbət “Azərbaycan BAM-ı” adlandırılan Yevlax-Balakən dəmir yolundan gedir. Bu dəmir yolu xəttinin tikintisi demək olar ki, bizim gözümüzün önündə olub. Daha dəqiq desək, dəmir yolunun bir hissəsi də Yevlaxdan Ağdaşa gedən yolun üstündən keçirdi. Kəndə, babamgilə gedəndə o hissədəki körpünün bir qisminin hazır olduğunu görürdük və hər dəfə də bizi aparan sürücü eyni şeyi fəxrlə deyirdi: “Bu da bizim BAM-ımızdır. Heydər Əliyevin sayəsində tikilib hazır olacaq”.
Bəli, o sürücü heç də yanılmırdı Çünki 160 kilometr uzunluğunda və ən çətin sahədən keçən Yevlax-Balakən dəmir yolu xəttinin tikintisi də uzaq Sibirdə inşa edilən Baykal-Amur Magistralının tikintisi kimi Heydər Əliyevin gərgin əməyinin bəhrəsi idi.
Ümumiyyətlə, Heydər Əliyev keçmiş SSRİ-də olduğu kimi, Azərbaycanda da dəmir yolunun inkişafında müstəsna xidmətlər göstərib. Tarixi mənbələrdə də qeyd olunduğu kimi, Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illər, eləcə də onun sovet dövlətinin rəhbərlərindən biri kimi SSRİ-nin nəqliyyat sferasını da idarə etdiyi sonrakı 5 il respublika həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan dəmir yollarının da tarixinə hərtərəfli inkişaf dövrü kimi düşüb. O illərdə məhz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə nail olunmuş, şəbəkə genişlənmiş və güclənmişdir. Onu da qeyd edək ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə dəmir yolunun bütün sahələrini əhatə edən 14 min 300 texniki yeniləşmə tədbiri qeydə alınmışdır. Ümumiyyətlə, Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində SSRİ-də ən böyük çeşidləyici qovşaqlardan olan Şirvan stansiyası, Yevlax-Balakən və Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dəmir Yolunun öz fəaliyyətini uğurla həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu obyektləri istismara verilmişdir.
Ulu öndərin siyasətini uğurla davan etdirən Prezident İlham Əliyev də dəmir yolunun inkişafına xüsusi diqqət ayrır. O cümlədən, Azərbaycan dəmir yollarının müstəqil fəaliyyət göstərməyə başladığı 13 oktyabr günü Prezident İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə 18 ildir ki, dəmir yolu işçilərinin peşə bayramı kimi qeyd edilir.
Sonda bir daha yuxarıda qeyd etdiyimiz bir fikri təkrarlamaq istərdik. BAM-ın tikintisində Azərbaycanın tarixi imzası var. Bəli, bəhs edilən məqamlardan da göründüyü kimi, bu, həqiqətən də belədir. Məlumat üçün bildirək ki, 2008-ci ildə Ulu öndər Heydər Əliyevin şərəfinə BAM-ın Anqoya stansiyasında onun adını daşıyan vağzalın təntənəli açılışı olmuşdur. Bu gün BAM-a gedən hər bir kəs Heydər Əliyev stansıyasından keçərkən həm Ulu öndəri, həm də Azərbaycanı hörmətlə yad edir.
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.