Son yeniləmə: 13 İyul 2023 18:29
BAYRAQDAR MEDİA – Qırğızıstan Türkiyəyə dövlət borcunu “yaşıl” layihələrə dəyişməyi və İssık-Kulda Asman şəhərinin tikintisində iştirak etməyi təklif edib.
Bu barədə bulak.kg saytı məlumat yayıb.
Məlumata görə, Qırğızıstanın Türkiyədəki səfiri Ruslan Kazakbayev bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki ilə görüşdə deyib.
Səfir qeyd edib ki, Qırğızıstan tərəfi xüsusilə enerji sektorunda “yaşıl” layihələrin birgə həyata keçirilməsinə xüsusi maraq göstərir.
“Yaşıl” layihələrin həyata keçirilməsi kontekstində o, Prezident Sadır Caparovun bu istiqamətdəki təşəbbüslərindən, xüsusilə “Yaşıl” layihəsi çərçivəsində illik 6 milyon ting əkilməsi üzrə milli kampaniyanın həyata keçirilməsindən danışıb.
Bundan əlavə, Türkiyə tərəfinə şəhərsalma sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin qurulması təklif olunub.
Öz növbəsində nazir M.Özhaseki qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığa hazır olduğunu təsdiqləyib. Müzakirə olunan məsələlərin praktiki həyata keçirilməsi məqsədilə Türkiyə tərəfi iki ölkənin müvafiq nazirlikləri və idarələri arasında işçi qrupunun təşkilini təklif edib.
Görüşün sonunda tərəflər iki ölkənin sahə nazirlik və idarələrinin rəhbərlərinin qarşılıqlı səfərlərinin təşkili barədə razılığa gəliblər.