BAYRAQDAR MEDİA – Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı tutduğu vəzifədən azad edilib.
Bu məlumat ali təhsil və elm cameəsində çox maraqla və suallarla qarşılandı. Hamı bir-birindən soruşurdu ki, görəsən hansı səbəbdən belə bir addım atılıb.
Ədalət naminə demək lazımdır ki, Mustafa Babanlı rektor kimi fəaliyyətə başladıqdan sonra ADNSU-da müsbət istiqamətdə bir çox dəyişikliklər olmuşdu.
Əvvəllər bu universitetdə mövcud olan bir çox neqativlərin onun tərəfindən aradan qaldırıldığı bildirilirdi. Sosial mediada da bu haqda çox yazılırdı.
Xatırlayıram ki, bir neçə gün öncə də ADNSU beynəlxalq reytinq siyahılarına daxil ola bilmişdi.
Əlbəttə, hər yerdə olduğu kimi bu ali təhsil ocağında da problemlər haqqında zaman-zaman məlumatlar yayılırdı.
Bir müddət öncə bu Universitetin məzun günündə tələbələr tərəfindən “vorovskoy mahnı” səsləndirilməsi haqqında məlumatlar yayılmışdı,
Amma düşünmürəm ki, belə bir xoşagəlməz məsələ bir universitet rektorunun vəzifədən azad edilməsi üçün ciddi əsaslar yaratsın.
Düşünürəm ki, onun vəzifəsindən azad edilməsində daha maraqlı məqamlar ola bilər.
Məlumdur ki, son zamanlar Azərbaycan və İran arasında münasibətlər kulminasiya nöqtəsindədir. İran açıq-aşkar Azərbaycana qarşı xoş olmayan münasibətlər sərgiləyir.
Xatırlayıram ki, ADNSU-da bir xeyli öncə SUPERKOMPÜTER Mərkəzi yaradılmışdı və bu Mərkəzə, həmçinin ADNSU nəzdində olan UFAZ-a işləmək üçün İrandan və Fransadan mütəxəssislər dəvət edilmişdi.
Eyni zamanda, bildiyim qədər ilə İrandan olan digər bir neçə əməkdaşın da bu Universitetə işə qəbul edilməsi və burada müəyyən problemlərin baş verməsi haqqında məlumatlar yayılmışdı.
Güman etmək, düşünmək və şübhələnmək olar ki, rektorun etimadından və etibarından sui-istifadə edilməklə burada milli maraqlar əleyhinə hansısa proseslər gedib. Və bizim xüsusi xidmətlər də bundan məlumatlı olublar.
İstənilən normal hökumət kimi bizim hökumət də bu tip məsələlərə heç vaxt güzəşt etməyib.
Beləliklə, xarici mütəxəssislərin rektorun etibarından və etimadından sui-istifadə etməsi və milli maraqlarımız əleyhinə fəaliyyəti, qısası, “İran xətti” Mustafa Babanlının vəzifəsindən azad edilməsində rol oynaya bilərdi.
Əlbəttə, bir daha vurğulamaq istərdim ki, bunlar mənim subyektiv düşüncələrimdir.