BAYRAQDAR MEDİA – Mədəniyyət sahəsində aparılan institusional islahatlara ixtisaslı və təcrübəli insan resurslarının cəlb edilməsi, təhsil və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv kadrların seçilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən Kadr Ehtiyatı Bankı formalaşdırılır.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd olunur ki, “bu bank mədəniyyət sahəsində ixtisaslaşmış, təcrübəli, bilikli, idarəçilik keyfiyyətlərinə malik, dövlət, özəl və ya özünəməşğulluq sahəsində fəaliyyət göstərən şəxslərin qanunvericiliyə uyğun olaraq yaradılan və mühafizə edilən, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında kadr mübadiləsininin gücləndirilməsinə xidmət edən məlumat bazasıdır”.
MN incəsənət, ədəbiyyat, mədəni və yaradıcı sənayelər, mədəni irs və mədəniyyətə aid edilən digər sahələr üzrə ali təhsili olan; idarəetmə sahəsində ali təhsili olan və mədəniyyət sahəsi üzrə azı 3 il təcrübəsi olan; Mədəniyyət sahəsi üzrə xarici ölkələrdə ali təhsil almış və ya işləmiş; Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilməklə Prezidentin xüsusi təqaüdünə və ya Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxsləri aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçərək səhifədə qeyd edilən məlumatları daxil etməklə KEB-yə müraciət etməyə dəvət edir.
Qeyd edək ki, qeydiyyatdan keçəcək şəxslər qeyd olunan meyarların hər hansı birinə uyğun olmalıdır.