Son yeniləmə: 12 İyul 2023 13:54
BAYRAQDAR MEDİA – Yazılarımızda dəfələrlə qeyd etmişik. Prezident İlham Əliyevlə görüşlərimizin birində o, bizə açıq mətnlə dedi ki, tənqid edin, əyər-əskikləri aşkara çıxarın. Çünki mən sizin yazdıqlarınızı oxuyaraq bir çox məsələlərdən xəbər tuturam. Prezident onu da dedi ki, bəzi məmurlar ona yanlış məlumatlar verməklə gerçəkləri ört-basdır etməyə çalışır…
Bu sözləri Prezident boşuna demirdi. O, bütün siyasi fəaliyyəti dövründə mediaya güvənib, öz sözüylə desək, medianı – jurnalistləri özünün köməkçiləri sanıb. Ona görə də biz gördüyümüz qüsurları dilə gətirməkdən çəkinmirik, əksinə, mümkün qədər ictimailəşdirməyə çalışırıq. Düzdür, buna görə başımızın ağrıdığı da az olmur. Bəzi adamlar yazdıqlarımızı çap edib ora-bura göndərir, Prezidentin təyin etdiyi nazirləri, məmurları tənqid etməyimizi Prezidentə qarşı çıxmaq kimi qələmə verməyə çalışırlar. Amma biz yenə də doğru bildiyimizi edirik və Prezident İlham Əliyevin iyulun 11-də 2023-cü ilin ilk 6 ayı ilə bağlı keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər də haqlı olduğumuzu təsdiqləyir.
Beləliklə, Prezident İlham Əliyev sözügedən tədbirdə iyun ayında Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisələrin üzərində geniş dayandı. Həm də məsələyə olduqca tənqidi yanaşdı. O, istər Nazirlər Kabineti, istərsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş verənlərlə bağlı yarıtmaz fəaliyyətini açıq və sərt ifadələrlə dilə gətirdi.
Prezident bu çıxışıyla bir daha göstərdi ki, o, hansısa rüşvətxor, harınlamış məmurların, nazirlərin deyil, sadə xalqın yanında – tərəfindədir. Elə biz də ilk gündən buna əmin idik, bütün söhbətlərimizdə, çıxışlarımızda deyirdik ki, Prezident sadə vətəndaşın yanındadır.
Ölkə başçısı dövlət qurumlarını tənqid etməklə bərabər bir daha tapşırıq verdi ki, Söyüdlü ətrafında baş verənlər dərindən araşdırılsın. Özəlliklə də sakinlərin örüş yerlərinin zəbt edilməsi, zəhərli suların axıdılması, ümumiyyətlə ekoloji problemlərin öyrənilməsi Prezidentin qəti tapşırığı oldu…
Bütün bunlar öz yerində, indi də biz bəzi məqamları ayrıca vurğulamaq istərdik. Lakin irəli qaçaraq onu da deyək ki, hadisələr baş verən günlərdə BMT İnsan Haqları Şurasının 53-cü sessiyasında iştirak səbəbindən İsveçrədə səfərdə idik və vaxt çatışmazlığına görə məsələyə geniş reaksiya verə bilmirdik. Sadəcə düşünürdük ki, geri gəlincə TV kanallardan birində çıxış imkanı olar. Amma onda da gündəm dəyişmişdi…
İndi Prezidentin məsələyə yenidən qayıtması bir növ bizim üçün də yenidən müzakirə açmaq səbəbi kimi qəbul edilə bilər.
Beləliklə, hadisələrlə bağlı diqqətimizi çəkən ilk epizod bir polisin sakitcə yürüməkdə olan bir qadına qaz püskürtməsi görüntüsü oldu. Buna sosial mediada elə o gün də sərt reaksiya vermişdik.
Daha sonra imkan olduqca araşdırma apardıq, informasiya kirliliyindən sıyrılıb həqiqətin nə olduğunu kəsdirməyə çalışdıq.
İlk anlarda Gədəbəyin icra başçısını topa tutan paylaşımlar gördük. Ki, bəs bu adam danışığını bilmirmiş. Amma onun camaatla görüşündəki geniş çıxışına baxdıq, bəlli oldu ki, normal danışırmış. Sadəcə diqqətimizi o çəkdi ki, sakinlərin tələbi ilə izahat üçün hadisə yerinə gəlmiş başçıya bir neçə nəfər faktiki olaraq danışmağa imkan vermirdi! Belə anlaşılır ki, kimlərsə başçının sakinlərlə danışıb anlaşmasında maraqlı deyildi!
Amma o günlərdə də, indi də bizi bir sual maraqlandırır: niyə hadisələr bu həddə çatmamış icra başçısı sakinlərlə görüşüb, onları dinləməyib? Yaxud dinləyibsə, niyə gərəkli tədbirləri görməyib? Yaxud da niyə Prezidentə bu haqda məlumat verilməyib (Prezidentin çıxışından belə anladıq ki, ona vaxtında məlumat verilməyib)? Bu suallara cavab verilməlidir.
İkincisi, Gədəbəyin, özəlliklə də Söyüdlü kəndinin də daxil olduğu dairənin deputatı bütün bu hadisələr yetişməkdəykən, haradaydı? Niyə bir dəfə də olsun xalqın qarşısına çıxıb onları dinləməyib? Elə hadisələr baş verən günlərdə niyə o deputatı xalq arasında görən olmadı?
Haşiyə: İllər öncə Qubada əhali qəzəblənərək icra başçısının mülkünü yandırmışdı. Təbii ki, belə hallar məqbul deyil və qarşısı alınmalıdır. Amma onda Qubanın deputatı Vahid Əhmədov dərhal camaatın qarşısına çıxdı, çox qısa bir müddətdə ictimai ehtirasları yatıra bildi. Yəni belə xalq ayaqlanmaları olanda önə çıxmalı ilk şəxs deputat olmalıdır. Halbuki Söyüdlü hadisələrində biz bunu görmədik…
Hadisələrin paralelində maraqlı bir fikir də ictimai rəyi məşğul edirdi. Bildirilirdi ki, Söyüdlü kəndinin camaatı intellektualdır, buradan 80-dək alim çıxıb. Hə, əsas məsələ də budur!
Şəxsən özümüz istər həmin günlərdə, istərsə də elə bu gün bir suala cavab tapmağa çalışırıq: o 80 alimin heç olmasa 8-i niyə xalqın önündə, arasında deyildi? Niyə onların bir neçəsi vaxtında kənd sakinlərini dinləyib dərdlərini yuxarıya, lap elə Prezidentə çatdırmırdı? Bəs hadisələr baş verən gün necə, niyə onlar sakinlərin yanında deyildi? Olmazdımı ki, həmin alimlər meydana çıxsın, sakinlərin təxribata çəkilməsinə, üçüncü tərəflərin əlində alətə çevrilməsinə, polisə daş atmasına əngəl olsun? Harada idi o alimlər? Yaxud da elə indinin özündə haradadır onlar?
Daha bir haşiyə: Bilənlər bilir, mənim doğma Dədəli (Xaçmaz) kəndimdə də bəzən sakinləri narahat edən və məmur məsuliyyətsizliyindən qaynaqlanan problemlər olur. İşıq, qaz, hətta mal-qaranın tələf olması, su, yol və s. problemləri həmişə var. Şəxsən mənə də problemlər haqqında məlumat verilir. Verilməsə belə özüm kəndin durumunu diqqətdə saxlayıram və bacardıqca dövlətlə sakinlər arasında körpü olmağa çalışıram. Ki, vətəndaş dövlətdən narazı düşməsin. Bunu o kəndin bir yetirməsi, bir ziyalı, bir söz adamı olaraq özümə borc bilirəm…
Bir də hadisələrdə üçüncü tərəfin təxribatları ilə bağlı mübahisə yaradanlar vardı. İddia edirdilər ki, hansısa kəndin qoca qarılarının Sorosla, hansısa xarici qüvvələrlə nə əlaqəsi ola bilər? Haqlı sualdır. Amma arxasında yatan gerçəyi görməmək də mümkün deyil axı.
Biz də o fikirdəyik ki, hətta daş atan qadınların belə necə bir oyuna gətirildiklərindən xəbəri olmayıb. Yəni onları bu cür təxribata çəkən üçüncü qüvvə təbii ki, meydanda deyildi. Ola da bilməzdi. Onlar hər zamankı kimi heç kimin fərq etmədiyi arxa planda olublar və yəqin ki, indinin özündə də kənardan baxıb həzz alırlar…
Hə, sonda bir məsələni də daha açıq şəkildə vurğulamaq istərdim. Rayonun icra başçısı olan kəs (adını da bilmirəm düzü) hər bir kəndin əhvalını əvvəlcədən bilməli deyilmi? Necə olub ki, uzun illərdir bir kəndin örüş yerləri zəbt edilib, torpağı çirkləndirilib, sakinlər narazılıq edir, icra başçısı bundan xəbərsiz qalır? Özü də Gədəbəy kimi strateji əhəmiyyətli bir sərhəd rayonunda?..
Sonda: Dəyərli jurnalist həmkarlarım. Problemləri dilə gətirməkdən çəkinməyək. Biz məsələləri vaxtında, amma doğru-dürüst işıqlandıraq ki, bizim yerimizə Prezident danışmalı olmasın. Nazirlərlə, icra başçıları ilə cici-bacı olmaqdan çəkinək, vətəndaşın yanında dayanaq. Onda istənilən problem həllini tapacaq, əmin olun.