Son yeniləmə: 12 İyul 2023 17:39
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməllərini ifşa edərək saxlanılmasına qərar verib.
Ali Attestasiya Komissiyası Ekspert şurasının üzvü saxlanılıb
Baş verən hadisə istər-istəməz diqqəti AAK-ın üzərinə çəkib. AAK da öz növbəsində məsələyə aydınlıq gətirərək saxlanılan şəxsin qurumu işçisi olmadığını bildirib.
AAK-dan iyulun 12-də BAYRAQDAR MEDİA-ya daxil olan açıqlamada bildirilir ki, “Komissiyanın nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir. Ekspert şuralarının fəaliyyəti müstəqildir və onların tərkibinə Komissiyanın əməkdaşları olmayan müxtəlif müəssisələrdən cəlb olunmuş ekspertlər daxil edilir. Hazırda ekspert şuralarının fəaliyyətinə elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən müvafiq elm sahələri üzrə 300-dən çox yüksəkixtisaslı mütəxəssis-ekspert cəlb edilmişdir. Ekspert şuralarının fəaliyyətinin səmərəliliyini artırmaq, o cümlədən çatışmazlıqların, neqativ halların qarşısını almaq məqsədilə onların tərkibi mütəmadi olaraq yenilənir”.
Daha sonra qeyd edilir ki, “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 12 iyul 2023-cü il tarixində dərc edilmiş məlumatda adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilmişdir. Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcəkdir”.