Press "Enter" to skip to content

Azərbaycanı hər zaman çox sevdik, indi də çox sevirik, gələcəkdə də çox sevəcəyik

Prof. Dr. Kamil Çolak

Son yeniləmə: 12 İyul 2023 15:32

Prof. Dr. Kamil Çolak: Yeni tədris ilində Azərbaycandan gənclərin təhsil üçün bura daha çox gəlməsini arzu edir və bunu gözləyirik

BAYRAQDAR MEDİA – “Eskişehir Osmangazi Universiteti olaraq türk dünyası, o cümlədən Azərbaycanla əlaqələrə xüsusi önəm veririk. Bu məqsədlə davamlı addımlar atılır”.

Eskişehir Osmangazi Universitetinin rektorluq binası
Eskişehir Osmangazi Universitetinin rektorluq binası

Bunu qardaş Türkiyənin Eskişehir Osmangazi Universitetinin (ESOGÜ) rektoru Prof. Dr. Kamil Çolak deyib. Onun BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik.

Bundan məmnun oluruq

-Cənab rektor, daha bir təhsil ili başa çatdı. Bu təhsil ili Eskişehir Osmangazi Universiteti üçün nələrlə yadda qaldı?

-Bəli, 2022-2023-cü təhsil ili tamamlandı. Sizin sualınızı cavablandırarkən, bəlkə də ilk olaraq elmi məsələlərdən bəhs edilməliydi. Lakin Türkiyədə hamımızın bildiyi kimi, fevralın 6-da dəhşətli təbii fəlakət baş verdi. 11 vilayətimiz, şəhərimiz dəhşətli zəlzələdən zərər çəkdi.

Bu universitetdə həm ali təhsil verilir, həm də insanlar arasında yardımlaşma ilə bağlı davamlı tədbirlər keçirilir
Bu universitetdə həm ali təhsil verilir, həm də insanlar arasında yardımlaşma ilə bağlı davamlı tədbirlər keçirilir

Həmin zəlzələdən zərər görən, evsiz qalan insanların müvəqqəti sığınacaqla təmin edilməsi üçün ali təhsil müəssisələrindəki tələbə yurdlarının hökumətimiz, dövlətimiz tərəfindən onlara verilməsi qərara alındı. Dolayısı ilə, yaz dönəmində təlim-tədris fəaliyyətləri onlayn formatda oldu. Yəni həmin dönəmdə tələbələrimiz kampusumuzda yox idi. Təəssüf ki, belə durumla üz-üzə qaldıq. Lakin bununla belə 2022-2023-cü təlim-tədris ilini ən gözəl şəkildə onlayn olaraq tamamladıq.

Azərbaycanlı tələbələrdən məmnunuq

-Rəhbərlik etdiyiniz universitetin Azərbaycanla əlaqələri barədə nə deyə bilərsiniz? Mən bu sualı həm azərbaycanlı tələbələrin təhsili, həm də Azərbaycandakı universitetlərlə əməkdaşlıq baxımından cavablandırmanızı istərdim…

-Universitetimizdə dünyanın müxtəlif yerlərindən olan xarici ölkə vətəndaşları, o cümlədən türk-İslam dünyasından olan gənclər təhsil alır. Təbii ki, Azərbaycandan da çoxlu sayda gənclər universitetimizdə təhsil alır. Onlardan məmnunuq. Sualınızın ikinci hissəsinə gəlincə, deyə bilərəm ki, Azərbaycanla təhsil sahəsində əməkdaşlığımız mövcuddur. Bir müddət öncə Azərbaycan Turizm və Menecment Universiteti ilə Eskişehir Osmangazi Universitetinin Turizm fakultəsi arasında Turizm işi ixtisası üzrə qurulmuş ikili diplom proqramına dair müqavilə imzalanıb.

Universitetdə dünyanın müxtəlif yerlərindən olan xarici ölkə vətəndaşları, o cümlədən türk-İslam dünyasından olan gənclər təhsil alır
Universitetdə dünyanın müxtəlif yerlərindən olan xarici ölkə vətəndaşları, o cümlədən türk-İslam dünyasından olan gənclər təhsil alır

Hazırda bu proqram reallaşdırılır. Bu proqrama əsasən Azərbaycandakı tələbələr Eskişehir Osmangazi Universitetində, bizim tələbələr isə Azərbaycan Turizm və Menecment Universitetində qarşlılqlı olaraq iki il təhsil ala və sonunda da iki universitetdən də diplom əldə edə biləcəklər. Təbii ki, biz Azərbaycandakı digər universitetlərlə də hər zaman hər cür əməkdaşlığa hazırıq və gələcəkdə müvafiq addımlar atılacaq. Eyni zamanda professor-müəllim heyətimizin üzvləri də Azərbaycana gedərək, orada müxtəlif elmi konfranslara, simpoziumlara qatılırlar. Həmçinin, Azərbaycandan da bura gələnlər olur. Bir sözlə, Azərbaycanla təhsil sahəsində əlaqələrimizi daim ən gözəl şəkildə inkişaf etdirmək istəyirik.

Türk dünyası ilə əlaqələrimiz çox yaxşı inkişaf edir

-Siz türk-İslam dünyası dediniz. Elə isə rəhbərlik etdiyiniz universitetin türk dünyası ilə təhsil sahəsindəki əlaqələri necə inkişaf edir?

-Təbii ki, türk dünyası ilə də əlaqələrimiz çox yaxşı inkişaf edir. Mən 2021-ci ildə bu məqsədlə Özbəkistana getmişdim. Həmin vaxt təhsil sahəsində əməkdaşlığın inkişafı üçün bəzi görüşlər də keçirmişdik. Həmçinin, bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyi (TÜRKÜNİB) deyilən bir qurum var. Bu qurum formatında bu yaxınlarda Səmərqənddə bir toplantı oldu.

Əsl türk ox atmağı da bilməlidir.
Əsl türk ox atmağı da bilməlidir.

Ora rektor yardımçımız getmişdi. Yəni türk dünyası ilə əlaqələrimizi genişləndirmək istəyirik. İstəyirik ki, Azərbaycandan olduğu kimi, digər türk dövlətlərindən də daha çox gənc gəlib burada təhsil alsın. Həmçinin bizlər də tələbələrimizi və müəllimlərimizi mübadilə proqramları çərçivəsində, o cümlədən müxtəlif tədbirlərdə iştirak üçün o ölkələrə göndərmək istəyirik.

Yeni dönəmdə Eskişehir Osmangazi Universitetini dünya sıralamalarında daha da yuxarı pillələrə qaldırmaq istəyirik

-Universitetinizin yeni dönəm üçün planları nədir?

-Hər şeydən öncə yeni tədris ilində Azərbaycandan gənclərin təhsil üçün bura daha çox gəlməsini arzu edir və bunu gözləyirik. Bundan başqa bildiyiniz kimi universitetlər akademik fəaliyyətləri ilə də fərqlənir. Bu baxımdan bizim müəllimlərimizin də akademik fəaliyyətləri davam edir və yeni dönəmdə bu işlərin daha da irəli getməsi üçün müəyyən addımlar atacağıq.

Müəllimlər dünyanın yüksək indeksli elmi dərgilərdə məqalələr dərc edərək universiteti dünyada tanıdırlar
Müəllimlər dünyanın yüksək indeksli elmi dərgilərdə məqalələr dərc edərək universiteti dünyada tanıdırlar

Həmçinin müəllimlərimiz fəaliyyətləri boyunca xarici və yerli elmi dərgilərdə məqalələr yazaraq həm dünya, həm də Türkiyə çapında Eskişehir Osmangazi Universitetini yuxarı pillərə qaldırırlar. Biz də bundan məmnun oluruq. Müəllimlərimiz dünya tərəfindən qəbul edilən və yüksək dəyərləndirilən yüksək indeksli elmi dərgilərdə məqalələr dərc edərək universitetimizi dünyada tanıdırlar. Bir sözlə, yeni dönəmdə Eskişehir Osmangazi Universitetini dünya sıralamalarında daha da yuxarı pillələrə qaldırmaq istəyirik.

Azərbaycanın əldə etdiyi tarixi Zəfər bizləri sevindirdi

-Son olaraq Azaərbaycan xalqına BAYARQDAR MEDİA vasitəsilə nələri çatdırmaq istərdiniz?

-Öncə onu qeyd edim ki, biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq. Azərbaycanın da bizim yanımızda olduğunu bilirik. Biz iki qardaş dövlətik. Biz Azərbaycanı hər zaman çox sevdik, indi də çox sevirik və gələcəkdə də çox sevəcəyik. Bu baxımdan təhlükəsilzik məsələsində də Azərbaycana hər hansı təhdid olanda Türkiyə olaraq hər zaman qardaş ölkənin yanında yer aldıq və kimsə şübhə etməsin ki, bundan sonra da hər zaman yer alacağıq.

Burada Türkiyənin və türk dünyasının qəhrəmanlıq tarixi də hər zaman, müxtəlif formalarda gənclərə aşılanır
Burada Türkiyənin və türk dünyasının qəhrəmanlıq tarixi də hər zaman, müxtəlif formalarda gənclərə aşılanır

Eyni zamanda, 44 günlük Vətən savaşında da Türkiyədə 7-dən 77-yə hər kəs Azərbaycanın yanında oldu. Azərbaycanın əldə etdiyi tarixi Zəfər bizləri sevindirdi. Çünki bu həm də Türkiyənin və bütün türk dünyasının qələbəsi idi. Biz dünya siyasətində də hər zaman Azərbaycanın yanında olmaqda davam edəcəyik. Azərbaycanı çox sevirik.

Eskişehir Osmangazi Universitetində gənclər həm öyrənirlər, həm də əylənirlər
Eskişehir Osmangazi Universitetində gənclər həm öyrənirlər, həm də əylənirlər

Həmçinin, yaranmış fürsətdən istifadə edərək onu bildirmək istəyirəm ki, zaman-zaman Azərbaycan səfirliyindən, mədəniyyət və təhsil ateşeliyindən təmsilçilər də universitetimizə gəlir. Onlar buradakı azərbaycanlı tələbələrin təhsili ilə maraqlanır, bizdən bilgi alırlar.

Nadir Azəri Prof. Dr. Kamil Çolakdan müsahibə alarkən
Nadir Azəri Prof. Dr. Kamil Çolakdan müsahibə alarkən

Biz də xarici tələbələrə, o cümlədən Azərbaycandan olan tələbələrə sahib çıxmaq, onların yanında olmaq üçün çalışırıq. Təbii ki, həm Azərbaycanda, həm də Türkiyədə olan universitetlərin dünya reytinqində irəlidə olmasını da istəyirik.

Mission News Theme by Compete Themes.