BAYRAQDAR MEDİA – Azərbaycan və Ermənistan mediasının post-münaqişə dövründəki fəaliyyəti tədqiq ediləcək, onların sülhyaratma prosesinə təsirləri araşdırılacaq, prosesdə iştiraklarını stimullaşdırmaq üçün tədbirlər keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 12-də Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyindən daxil olub.
Xəbərdə deyilir ki, “fəaliyyət MİTDİB tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra ediləcək. Layihənin maliyyə dəstəkçisi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir”.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq təşkilatlar münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında sülhün əldə edilməsində medianın rolunu yüksək qiymətləndirirlər: “Müharibənin bitməsi, atəşkəs razılaşmasının imzalanması davamlı sülhün yaranması üçün kifayət etmir. Davamlı sülhün əldə edilməsi üçün münaqişə tərəfi olmuş cəmiyyətlər sülhə hazırlanmalıdır. Bu prosesdə medianın roluna ciddi önəm verilir”.
Müşfiq Ələsgərli əlavə edib ki, 3 ay müddətində davam edəcək layihə çərçivəsində Azərbaycan və Ermənistan mediasının monitorinqi aparılacaq: “Ermənistanın rəsmi təmsilçiləri iddia edirlər ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün çalışırlar. Reallıqda isə cəmiyyəti sülhə hazırlamırlar. Ermənistan mediasının fəaliyyətində, vətəndaş cəmiyyəti institutlarının açıqlamalarında sülhə yönəlik sistemli davranış görünmür. Bu ölkənin mediası öz cəmiyyətlərində qisasçılıq hissinin artırılmasında rol alır. Təəssüf ki, onların bu yöndə neqativ fəaliyyətləri indiyədək konkret hesabat formasında əks etdirilməyib, beynəlxalq təşkilatlara təqdim olunmayıb. Biz belə bir hesabatı hazırlayıb bütün ünvanlara göndərəcəyik”.
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycan jurnalistlərinin iştirakı ilə seminar və konfransların keçirilməsi də planlaşdırılıb.