Press "Enter" to skip to content

Qardaş ölkə səfirinin 50 yaşı tamam oldu

Kayrat Osmonaliyev (sağda) və Azər Həsrət

Son yeniləmə: 12 İyul 2023 12:44

BAYRAQDAR MEDİA – Onun Azərbaycana səfir təyin edilməsinin heç iki ili də tamam olmayıb. Amma ortada o qədər böyük işlər var ki…

Qardaş Qırğızıstan uzun illər Bakını səfirsiz qoymuşdu. Başa düşüləndir. Çünki o ölkədə yetərincə sabitlik yox idi…

Lakin sonra bir qədər sabitlik mərhələsi başladı. Dərhal da xarici əlaqələrin üstün şəkildə qurulmasına başladılar. Sadır Caparov prezident seçildikdən sonra ilk işlərindən biri də qardaş Azərbaycandakı boş qalmış səfir kürsüsünə layiqli birini təyin etmək oldu.

Yadımdadır, həmin ilin elə bu vaxtlarında qırğız dostlar xəbər verdilər ki, yaxın bir dostumuz Azərbaycana səfir gəlir. İstərdik ki, sən də onunla tanış olasan, görüşüb söhbət edəsən və ikitərəfli münasibətlərin daha sürətlə irəli götürülməsində mümkün qədər yardımçı olasan.

Cavabım bu olmuşdu ki, yeni səfir xoş gəlir, heç şübhəsiz biz də öz üzərimizə düşəni edəcəyik və əminəm ki, ikili münasibətlər arzu etdiyimiz səviyyəyə yüksələcək. Həm də sürətlə.

Elə də oldu. Yeni səfir gəldi. Gəlincə də fəal şəkildə görüşlərə başladı. Aradan elə bir müddət keçmədi, amma artıq adından söz etdirməyə başladı.

Məhdud imkanlara baxmayaraq media ilə əlaqələri fəal şəkildə qurdu. İş adamları, dövlət rəsmiləri, ictimai fəallar, mədəniyyət xadimləri ilə görüşlər. Bir sözlə, yeni səfirin gündəmi olduqca rəngarəng idi.

Biz də buna çox sevindik. Sevindik ki, nəhayət, qardaş Qırğızıstanın da Azərbaycan ictimai rəyində boş qalmış yeri doldurulur. Həm də layiqincə.

Sonra nə oldu? Sonra da Qırğızıstan Prezidenti Sadır Caparov Azərbaycana gəldi, çox möhtəşəm qarşılanma oldu.

Daha sonra da Azərbaycan Prezidenti İlham Əliyev qardaş Qırğızıstana səfər etdi, yüksək səviyyədə və layiqincə qarşılandı. Hətta qardaş ölkədə onu həsrətlə gözlədiklərini hiss etdirmək üçün “Sən gəlməz oldun” mahnısını ifa etdilər.

Bir sözlə, münasibətlər o qədər sürətlə irəli getdi ki, indi hətta Bakı-Bişkek-Bakı təyyarə reyslərinin də bu yaxınlarda işə başlayacağının elanı verilib. Yeni səfir şəxsən bu məsələ ilə məşğul olub və nəticə də əldə edib…

Sözümün canı odur ki, bu gün o səfirin, dəyərli qardaşım, Qırğızıstan-Azərbaycan münasibətlərini uzun illər yerində saymaqdan qurtarmış Kayrat Osmonaliyevin 50 illik yubiley yaşı tamam olur.

Səfir mırzanı təbrik edir, həm öz adımdan, həm də yaxından əməkdaşlıq etdiyi BAYRAQDAR MEDİA ailəsi adından ona uzun ömür, cansağlığı arzu edirəm.

Çox yaşa, cənab səfir! İki qardaş ölkə arasındakı münasibətlər məhz sənin sayəndə belə qısa müddətdə bu qədər irəli gedə bildi. Biz bunun fərqindəyik!

Mission News Theme by Compete Themes.