Press "Enter" to skip to content

Qarabağ və Şərqi Zəngəzurla bağlı monoqrafiya MEK-də

Sözügedən monoqrafiya

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, Prof. Eldar Quliyevin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiyası daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 11-də sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə deyilir ki, “dəyərli nəşr Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Monoqrafiyada Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu araşdırılıb, davamlı inkişaf kontekstində iqtisadi rayonların sosial-iqtisadi aspektləri işlənilib, davamlı inkişafın təşkilində iqtisadi rayonların rolunun artırılması üzrə beynəlxalq təcrübə ümumiləşdirilib, ayrı-ayrı dünya ölkələrinin bu istiqamətdə fəaliyyət strategiyaları və prioritetləri öyrənilib, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaranması və sosial-iqtisadi inkişaf prosesləri təhlil olunub, Qarabağ iqtisadi rayonunun Azərbaycanın davamlı inkişaf proseslərində strateji rolu qiymətləndirilib, Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın davamlı inkişafında çoxfunksiyalı xüsusiyyətləri açıqlanıb”.

Xəbərdə daha sonra bildirilir ki, “kitabda həmçinin yeni çağırışlar şəraitində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolunun artırılması istiqamətləri müəyyənləşdirilib, Ulu Öndər Heydər Əliyevin Sovetlər Birliyi dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə və keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində, müstəqil dövlətçilik atributlarının formalaşdırılmasında və inkişaf etdirilməsində tarixi xidmətlərinə dair materiallar verilib”.

Monoqrafiya elmi işçilər, tədqiqatçılar və mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Monoqrafiyada verilmiş materiallardan işğaldan azad olunmuş ərazilərdə yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolunun artırılması üzrə daha səmərəli mexanizmlərin, fəaliyyət proqramlarının və strategiyalarının hazırlanmasında istifadə edilə bilər.

Mission News Theme by Compete Themes.