Son yeniləmə: 11 İyul 2023 20:55
BAYRAQDAR MEDİA – İyulun 11-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının (İİB) Türkiyə regional ofisinin rəhbəri Valid Abdelvahabın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən daxil olub.
Xəbərdə deyilir ki, “görüş çərçivəsində qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, Səyyar ASAN xidmətin təşkili və Dövlət Agentliyi tərəfindən sosial innovasiyalar sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin görüş zamanı tərəflər Dövlət Agentliyi ilə İİB arasında cari ilin mart ayında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Bankın “Reverse Linkage” mexanizmi vasitəsilə Azərbaycanda “ASAN xidmət” modelinin təşkilata üzv dövlətlərdə tətbiqi məqsədilə aparılan işlər barədə geniş fikir mübadiləsi aparıb”.
Eyni zamanda İİB-nin Türkiyə regional ofisinin rəhbəri “ABAD” konsepsiyasında maraqlı olduğunu və bu istiqamətdə Dövlət Agentliyi ilə əməkdaşlığı dərinləşdirikmək niyyətini ifadə edib.
Qonaqlar “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.