Press "Enter" to skip to content

Bu təyinat bizi çox sevindirdi

Rza Məmmədov

Son yeniləmə: 11 İyul 2023 13:27

Cavid Aydın: İnanırıq ki, dərnəyimizin fəxri olan Rza Məmmədov yeni işində də Vətənə və türk dünyasına layiqincə xidmət edəcək

BAYRAQDAR MEDİA – “Bu günlər aldığımız bir xəbər Eskişehir Azərbaycanlılar Dərnəyində sevinclə qarşılandı. Belə ki, Eskişehir məzunumuz, dərnəyimizin işində fəallığı ilə fərqlənən Rza Məmmədov Naxçıvan Universitetinin beynəlxalq əlaqələr və strateji inkisaf üzrə prorektoru vəzifəsinə təyin olunub”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

Arxiv fotosu: Cavid Aydın (solda), Aslan Avşarbey (Eskişehirin keçmiş vali yardımçısı) və Rza Məmmədov (sağda)
Arxiv fotosu: Cavid Aydın (solda), Aslan Avşarbey (Eskişehirin keçmiş vali yardımçısı) və Rza Məmmədov (sağda)

O, qeyd edib ki, 21 may 1989-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş Rza Məmmədov ali təhsildə uğurları ilə fərqlənib: “Rza Məmmədov 2007-2010-cu illərdə Türkiyənin Anadolu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini müvəffəqiyyətlə, vaxtından əvvəl – 3 ilə bitirmişdir. O, həmçinin, 2014-cü ildə Türkiyənin Eskişehir Osmangazi Universitetinin Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilinə başlamışdır. 2018-ci ildə “Təhsilin standardı, təhsilin maliyyəsi və iqtisadi inkişafın ekonometrik təhlili” adlı dissertasiyasını müdafiə edərək 29 yaşında fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür”.

Cavid Aydın deyib ki, elm və təhsil sahəsində çoxsaylı uğurları ilə fərqlənən, bir sıra elmi əsərlərin və kitabların müəllifi olan R.Məmmədov xaricdə Azərbaycanın maraqlarının təbliğində də mühüm işlər görüb: “Belə ki, o, Eskişehir Azərbaycanlılar Dərnəyinin Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsini uğurla icra etmişdir. Milli şüura sahib, türk dünyasına xidmət istiqamətində hər zaman öndə olan R.Məmmədov, azərbaycançılıq ideologiyasına xidmət istiqamətində dərnəyin çatısı altında “Üç Çizgi” jurnalını təsis edərək redaktorluğunu etmişdir. 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 26-27 may 2018-ci il tarixində Eskisehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı, Anadolu Universitetininev sahibliyi və Türk İş Adamları Koordinasiya Agentliyinin dəstəyi ilə “100-cü ilində Azərbaycan Cümhuriyyəti” Beynəlxalq Konqresinin ideya sahibi və təşkilat komitəsinin üzvü olub. O, həmçinin Prof. Dr. Mehmet Topal ilə birliktə eyniadlı kitabın elmi redaktorudur. 2020-ci ildə Azərbaycan Respublikasının Diaspora Komitəsi tərəfindən “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması” sahəsində fəaliyyətinə görə təltif edilmişdir. Bir sözlə, bu təyinat bizi çox sevindirdi. İnanırıq ki, dərnəyimizin fəxri olan R.Məmmədov yeni işində də Vətənə və türk dünyasına layiqincə xidmət edəcək”.

Mission News Theme by Compete Themes.