Press "Enter" to skip to content

Beynəlxalq Qırmızı Xaç Komitəsi qaçaqmalçılıq edib – VİDEO

Dövlət Sərhəd Xidməti

Son yeniləmə: 11 İyul 2023 09:29

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasındakı şərti sərhədin Laçın Sərhəd Keçid Məntəqəsi dayanmadan fəaliyyət göstərir. Bu müddət ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid nəqliyyat vasitələri və şəxsi heyət də bu keçiddən istifadə edir. Maraqlıdır ki, onlar yaradılan şəraitdən sui-istifadə edərək qaçaqmalçılıqla da məşğul olurlarmış. Bu haqda Dövlət Sərhəd Xidmətinin iyulun 11-də yaydığı məlumatda deyilir.

BAYRAQDAR MEDİA-ya daxil olan məlumatda bildirilir:

“Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılmış, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılmışlar.

Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanmışdır. Belə ki:

01 iyul 2023-cü il tarixdə saat 16:41 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 17 iyun 1976-ci il təvəllüdlü Hartunyan Garikin (pasport: AT0573343) idarə etdiyi Reno markalı 35VX480 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş 15 ədəd mobil telefon sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılmışdır.

03 iyul 2023-cü il tarixdə saat 15:52 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 12 aprel 1977-ci il təvəllüdlü Grigoryan Vrezhin idarə etdiyi (pasport: AU040291) UAZ markalı 768UU22 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş 115 ədəd mobil telefon ekranları, 10 ədəd mobil telefon platası, 120 ədəd mobil telefon üçün qida bloku, 1 ədəd ekran yapışqanı sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılmışdır.

05 iyul 2023-cü il tarixdə saat 16:10 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 26 aprel 1981-ci il təvəllüdlü Harutyunyan Sasunun (pasport: AU0219416) idarə etdiyi İveco markalı 711FF11 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 17 adda 848 qutu siqaret və ehtiyat yanacaq çənində gizlədilmiş 320 lt benzin aşkar olunaraq saxlanılmışdır.

05 iyul 2023-cü il tarixdə saat 16:54 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 04 dekabr 1959-cu il təvəllüdlü Musaielian Vakifin (pasport: AU031091) idarə etdiyi DAF markalı 37FF609 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 5 adda 125 qutu siqaret və ehtiyat yanacaq çənində gizlədilmiş 1000 lt benzin aşkar olunaraq saxlanılmışdır.

Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır.

BQXK-ya məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.

Yuxarıda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdır.

Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilmişdir”.

Mission News Theme by Compete Themes.