BAYRAQDAR MEDİA – İyulun 9-da Qardaş Özbəkistanda növbədənkənar prezident seçkisi keçirilib. Xoş ovqatda keçən seçkidə fəaliyyətdə olan Prezident Şavkat Mirziyoyev xalqın böyük çoxluğunun səsini alaraq növbəti 7 il üçün dövlət rəhbəri seçilib.
Qardaş ölkədəki seçkinin nəticələri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Bu haqda xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti iyulun 10-da yayıb.
İ.Əliyev Ş.Mirziyoyevi seçkidə inamlı qələbəsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb: “Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib və Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib”.
Daha sonra bildirilir ki, “Özbəkistan Prezidenti təbriklərə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
“Telefon söhbəti zamanı prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların və qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını bildiriblər.
“Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub”.
Əlavə edək ki, qardaş Özbəkistan Prezidentinin qələbəsi digər türk dövlətlərində də sevinclə qarşılanıb. Türk Dövlətləri Təşkilatının üzvü olan türk dövlətlərinin başçıları Ş.Mirziyoyevə zəng edərək onu qələbə münasibətilə təbrik ediblər.