-Qızlar, böyüyəndə hansı peşəni seçəcəksiniz?
-Müəllim… həkim… alim… Ailə qurub anam kimi ev xanımı olacağam…
-Oğlanlar, bəs siz?
-Polis! Pilot! Futbolçu! İş adamı! Zəngin olacağam!
BAYRAQDAR MEDİA – Onlar eyni sinifdə təhsil alırlar… Eyni dərsləri oxuyurlar… Eyni məhəllədə yaşayır çoxu… Amma hədəfləri fərqlidir… Qızlar çox nadir hallarda uğurlu iş qadını olmağı xəyal edirlər. Sizcə niyə?
Bəlkə bizim qızlarımıza iş dünyasında örnək olacaq qadınların uğur hekayələri azdır? Onlara ilham qaynağı olacaq, çətinlikləri aşmaq üçün tövsiyələrini paylaşacaq, kişi lobbiçiliyinin hələ ki, daha üstün olduğu dünyamızda özlərini kəşf etmək, irəli qətiyyətlə addımlamaq üçün stimul verəcək qadınlar, haradasınız?
Qanadlarımız varsa, uçmağı öyrənməliyik
Bu gün biz sizi belə işgüzar xanımlardan biri ilə tanış edəcəyik. O, öz sahəsində uğurlu olmaqla kifayətlənmək istəmir. Bu səbəbdən Qadınlarım Milli Biznes Gündəliyi (QMBG) adlı unikal platformaya qoşularaq, iş arzusunda olan digər qadınların da həyatına toxunmağa çalışır.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təsisçisi Nigar Ələsgərova danışır.
-KOBSKA olaraq, ilk gündən etibarən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə yaradılan platformada aktiv iştirak etmişik, bütün işçi qruplarda təmsil olunaraq, həll yollarına dair tövsiyələr vermişik. Qadın sahibkarlar ölkəmizdəki KOB subyektlərinin təxminən 21,3 faizini təşkil edir. Regiondakı qadınlarımız olduqca bacarıqlı, işgüzar, zəhmətkeş olsalar da, bəzən önlərini kəsən tək amil maliyyə qaynağı olur. Halbuki öz layihələrimizdəki təcrübələrdən bilirəm ki, rayonlarda kredit imkanları da, dövlət dəstək mexanizmləri də, beynəlxalq təşkilatların qrant proqramları da var. Amma iş qurmaq istəyən qadınlar bəzən bu barədə tam məlumatsız olurlar.
Cəsarət uğurun yarısıdır, yoxsa hamısı?
-Qeyd edim ki, KOBSKA özü də gənc təşkilatdır. Çətinliklər təbii ki, oldu, amma biz bacarığımıza, doğru yol tutduğumuza, yol yoldaşlarımıza güvəndik. Yaxşı ideyalar, onları realizə etmək yolları barədə uğurlu insanlarla məsləhətləşmək faydalıdır. Amma əsas odur ki, heç kimin sizi demotivasiya etməsinə imkan verməyəsiniz. Bu baxımdan QMBG tövsiyə sənədi əla təcrübələr və problemlərdən çıxış yolu xəritəsidir. Çünki burada yüzlərlə qadın sahibkarın üzləşdiyi maneələr və onlara dair sınanılmış həll mexanizmləri var. Biz qadınlarımıza səslənirik: Bir az təşəbbüs, bir az ilham, bir az araşdırma və bir az ideyalar birləşərsə, sizi böyük uğur hekayəsinin mərkəzinə çıxara bilər. Gəlin, gündəliyimizin davamını birlikdə yazaq!.
Materialı BAYRAQDAR MEDİA-ya jurnalist İlhamə N. təqdim edib.