Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova: Narkotik maddələrin bir dəfə qəbulu ilə narkotik asılılıq arasında bir addım var
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova narkotik asılılıq, onun mərhələləri, narkotik maddə istifadəçiləri arasında ən geniş yayılmış xəstəliklər və s. haqqında məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 10-da sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “F.Baxışova, narkotik maddə qəbul edən şəxslərin davranışlarında hansı dəyişikliklərin müşayiət olunduğu haqqında məlumat verərək bildirib ki, narkotik vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan bitki və ya sintetik mənşəli maddələrdir. O qeyd edib ki, toksik maddə olduğundan narkotik vasitələr insanın bütün orqanizminə, onun davranışına, psixi vəziyyətinə, düşüncə səviyyəsinə xüsusi təsir göstərir, bunun nəticəsində şəxsiyyətin xarakteri dəyişir və əvvəlki sağlam vərdişlər itirilir, həyat tərzi dəyişir”.
F.Baxışova narkotik asılılığın mərhələlərindən danışarkən deyib: “Narkotik maddələrin qəbulu nəticəsində psixi və fiziki asılılıq formalaşır. Psixi asılılıq narkotik vasitələrə psixi meylin olması və intoksikasiya zamanı psixi komfortun əldə olunmasıdır. Bu hal daimi narkotik haqda asılılıq düşüncələri yaradır. Fiziki asılılıq zamanı narkotik vasitənin qəbul dozasının daim artması, qəbulun dayandırılması hallarında isə Abstinent sindromu (narkotik vasitədən formalaşmış fiziki asılılığın göstəricisi) inkişaf edir. Abstinent sindromu zamanı bədəndə xoşagəlməz hisslər (oynaqlarda şiddətli ağrı, ürəkbulanma, qusma, baş ağrısı, tərləmə, şüurun bulanması, ishal) müşahidə olunur”.
Həkim-narkoloq narkotik maddə istifadəçiləri arasında ən geniş yayılmış xəstəliklərdən də danışıb. Qeyd edib ki, narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar: ”Narkotikləri vena daxilinə yeridən xəstələr arasında İnsanın İmmunçatışmazlığı Virusu (İİV), sifilis, hepatit B və C yoluxması çox yüksək dərəcədə müşahidə olunur”.
Sonda F.Baxışova narkotik maddələrdən istifadə edən gənclərin və yeniyetmələrin valideynlərinə məsləhətlər də verib. Bildirib ki, valideynlər övladlarında davranış dəyişikliyi gördükdə, gizlətməsi yox, əksinə həkim-narkoloqa müraciət etməsi vacibdir. Müalicə nə qədər tez başlayarsa, bu xəstəlikdən qurtulma, sağalma göstəricisi o qədər yüksək olar.