BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və İdrak İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Biliklərarası inteqrasiya” mövzusunda yay məktəbi yekunlaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 10-da sözügedən İnstitutdan daxil olub.
Xəbərdə deyilir ki, “bağlanış mərasimində çıxış edən Aİİ-nin Elm və İnnovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov yay məktəbinin təşkilində əməyi olan hər kəsə təşəkkür edib. Bildirib ki, belə layihələr tələbələrin inkişafı, dünyagörüşlərinin və biliklərinin artırılması istiqamətində atılan mühüm addımlardır. Gənclərə tövsiyələrini bildirən prorektor vurğulayıb ki, gələcəyin ilahiyyatçılarından gözlədikləri onların yüksəkixtisaslı, Vətənini sevən və yad təsirlərdən qoruyan kadrlar kimi yetişmələridir”.
Daha sonra xəbərdə bildirilir ki, “Aİİ İlahiyyat fakültəsinin dekanı, Dos. Elnurə Əzizova çıxışında vurğulayıb ki, tələbələr mühazirələr dinləməklə yanaşı, Qəbələ rayonunda yerləşən abidələrlə də tanış olublar. Onlara bu imkanın yaradılması Azərbaycanın multikultural mühiti ilə tanış olmaları baxımından mühüm amildir. E.Əzizova bildirib ki, ali təhsil müəssisəsində tələbələrin biliklərinin artırılması, yüksəkixtisaslı kadrlar kimi yetişmələri üçün müxtəlif kurslar, seminarlar, yay və qış məktəbləri təşkil edilir”.
Bağlanış mərasiminin sonunda tələbələrə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, bir həftə davam edən yay məktəbində tələbələr xarici universitetlərin və Azərbaycanın tanınmış ilahiyyatçılarının məruzələrini dinləyib, Qəbələ rayonunda yerləşən abidələrlə yaxından tanış olublar.