Son yeniləmə: 7 İyul 2023 11:01
Yaxud, Allahın möcüzəsinə inanırıq
BAYRAQDAR MEDİA – SƏNinlə bəzi məsələlərdə fikir ayrılıqlarımız da olub, bəzən hansısa məsələyə yanaşmada daha sərt olmusan, bəzən hansısa məsələdə heç ortaq məxrəcə gələ bilməmişik də…
Amma bütün bu illər ərzində SƏNi heç zaman belə görməmişəm. Ona görə də Türkiyədən qayıdandan sonra SƏNinlə görüşdüyümüz Yevlax rayon Mərkəzi Xəstəxanasının 406-cı palatasındakı mənzərə çox sarsıtdı məni. Söhbət SƏNin səhhətinlə bağlı mənzərədən gedir.
Ümumilikdə isə burada bir vacib haşiyə çıxım. Bu günlər ərzində 406-cı palata bizə çox doğma oldu. Bu doğmalığı isə dəyərli insan Niyaz həkim, həmçinin palatadakı tibb bacıları, xidmətçilər yaratdılar. Bu günlər Niyaz Hüseynov hər saat, bəzən də bir saatda bir neçə dəfə baş çəkdi, lazım olan göstərişləri verdi, SƏNin durumunu yaxşılaşdırmaq üçün hər şeyi etdi. Hətta gecə saat 2-də belə xəstəxanaya gəldi. Buna görə Niyaz həkimə, tibb bacılarına, xüsusilə də Yevlax rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə və TƏBİB-ə təşəkkür edirəm.
Düzdür, uzun zamandır ki, xəstə idin. Canın bərk ağrıyırdı. Çünki canımızın mərkəzi olan ürəyin daha sözünə baxmır. Amma dediyim kimi, mən, ümumilikdə BİZ, yəni ailəmiz heç zaman səni belə görməmişik və ona görə də buna alışmaq çətindir bizim üçün.
Gözümüz, qonşuların təbirincə desək, “o gur-gur guruldayan Nəbi”ni axtarır…
Gözümüz hər zaman öz haqqını da, ailəsinin haqqını da müdafiə etmək üçün ayaqda dik dayanmağı ilə fərqlənən Nəbini axtarır…
Əvəzində isə artıq, iki addımı belə atmaq taqətində olmayan SƏNi görürürk və icimiz qan ağlayır. Çünki SƏN özün heç zaman ağlamağı sevməzsən. Bu yaşıma kimi səni cəmi iki-üç dəfə ağlayan görmüşəm.
Birinci dəfə lap uşaq idim. Babam, yəni SƏNin atan Novruz kişi can verirdi. Hər halda həyətdə iki qoca qadının danışığından bu sözü eşitmişdim: “Novruz kişi can verir”. Və elə həmin an SƏNin həyətdəki nar ağacları arasına çəkilib xəlvəti şəkildə ağladığını görmüşdüm…
Bir dəfə isə toyum günü SƏNi ağlayan görmüşdüm. Oynaya-oynaya ağlayırdın. Amma bu, sevinc göz yaşları idi…
İndi də istəyirəm ki, daha doğrusu istəyirik ki, SƏN bizi sevinc göz yaşlarına boğasan. Allah SƏNə güc versin. Allah bir möcüzə göstərsin və daxilindəki gücə söykənərək ayağa qalxasan. Allah SƏNə güc versin və gecələr öz yatağında rahat yata biləsən.
Bilirsən, srağagün gecə dediyin, “oğul, mən dörd gündür ya gecə, ya da gündüz yata bilmirəm” sözlərinin qarşısında necə aciz, necə gücsüz qaldım?!.
Halbuki SƏN bizim üçün ən çətin anlarda belə özündə güc tapmısan. Dik dayanmısan.
Yadımdadır, 6-cı sinifdə oxuyanda (sovet dönəmində) məktəbdən bizi pambıq yığmağa aparmışdılar. Səhərsi gün məktəb direktorunun otağına girib “mən uşaq böyütmürəm ki, pambıq sahəsində nökər kimi işlədəsiniz” deyərək yeri-göyü titrətmişdin…
Yaxud 10-cu sinifdə müəllimlərdən birinin mənə qarşı haqsız davranışına görə yenə də məktəb direktorunun otağında, “sizin müəllimlər nə qədər istəyir qiymət kəssinlər. Mən uşaqlarıma, onların biliyinə arxayınam. İnşallah, onlar oxuyacaqlar və onları görəndə həmin qiymət kəsən müəllimlər utanacaqlar” dediyini də unutmamışam…
O vaxtlar çox əminliklə söyləyirdin bu sözləri və haqlı da idin. Çünki biz SƏNin ümidini doğrultduq. Axı indi Azərbaycanda əyalətlərdə iki Əməkdar Jurnalist atası olan insanlara heç də çox rast gəlmək olmur. Olsa-olsa bir-iki nəfərdir. Onlardan biri də SƏNsən…
Mən hər zaman Allahın möcüzəsinə inanmışam və bu möcüzələri həyatımda yaşamışam. İndi də inanıram, inanırıq ki, uca Allah daha bir möcüzə göstərəcək. SƏNi bizə bağışlayacaq və sağlığına qovuşacaqsan.
Bu inamı məndə həm də sənin YAŞAMAQ EŞQİN yaradır. Dünən dediyin, “evə gedək. Neçə gündür televizora baxmıram, həyətdə oturmuram” sözlərin o YAŞAMAQ EŞQİNdən irəli gəlir.
Dediyim kimi, Allahın möcüzəsinə inanırıq. İnanırıq ki, uca Allah SƏNİN YAŞAMQ EŞQİni cavabsız buraxmayacaq, ATA!!!