Son yeniləmə: 6 İyul 2023 10:34
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, iyulun 5-də Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev də iştirak və geniş açılış çıxışı edib.
Bakıda daha bir beynəlxalq tədbir. Prezidentin çıxışı – VİDEO
Bu tədbir bərabərində yenə də bu qurumla bağlı fikir mübadiləsini gətirib. Bu təşkilatın, ona Azərbaycanın sədrliyi dövründə əldə edilən uğurların müzakirəsi artıq dünyanın hər tərəfində diqqət mərkəzindədir.
Maraqlıdır ki, bir qayda olaraq Azərbaycanı yeri gəldi-gəlmədi tənqid etməyə alışmış dünya mediası belə bu məsələdə neytral davranmağa üstünlük verir. Yəni, lori dildə desək, ilişməyə bir şey tapa bilmirlər.
Belə bir dəyişikliyin səbəbi nədir bəs?
Əlbəttə ki, Azərbaycanın, onun lideri İlham Əliyevin quruma peşəkarcasına başçılıq etməsi. Bəli, məhz 2019-cu ildə sədrlik Azərbaycana keçdikdən sonra Qoşulmama Hərəkatı qlobal səviyyədə səs gətirməyə başladı.
Azərbaycanın sədrliyə başlamasının ardından dünyada başlayan COVID-19 pandemiyası da bu qurumun daha böyük potensiala sahib olduğunu önə çıxardı. Məhz qurumun sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyanın diqqəti “vaksin milliyyətçiliyi”nə cəlb edildi. Məhz Azərbaycan BMT-ni belə bu məsələdə hərəkətə gətirdi. Məhz Azərbaycan Hərəkatın sədri kimi dünya ölkələrini səfərbər edib iqtisadiyyatı zəif olan ölkələrə COVID-19-la mübarizədə yardım təşkil etdi.
İndi isə Bakıda keçirilən toplantıda Prezident İlham Əliyevin özəlliklə də Fransa tərəfindən uzun illər istismara və işğala, soyqırımlara məruz qalmasının dilə gətirilməsi gündəm olub. Qeyd edək ki, Fransanın işğal edib uzun illər ərzində istismar etdiyi, soyqırımlara məruz qoyduğu xalqların səsi qlobal səviyyədə heç də həmişə gur çıxmır. Amma Prezident İlham Əliyev artıq bu məsələdə də dünya məzlumlarının səsinə çevrilib və bu da əlbəttə ki, o xalqların ürəyincə olmaya bilməz.
Ümumiyyətlə isə Azərbaycanın sədrliyi dövründə Hərəkat artıq BMT ilə yanaşı dünyanın ən əsas təşkilatı kimi boy verməkdədir. Baxmayaraq ki, bu qurumda əsas qlobal güclərdən olan ABŞ və bir sıra Avropa ölkələri təmsil edilmir, Hərəkat faktiki olaraq BMT gündəminə də açıq şəkildə təsir edir.
Yeri gəlmişkən qeyd edək ki, yenə də Azərbaycanın dövründə Hərəkatın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təmsilçiliyi məsələsi də fəal şəkildə gündəmə gətirilib. Azərbaycanın təklifi bundan ibarətdir ki, Hərəkata Şurada bir yer ayrılsın və o yeri quruma sədrlik edən ölkə tutsun. Əlbəttə, bunun özü olduqca əsaslı və ağlabatandır. Çünki öz sıralarında 120 dövləti birləşdirən bu qurum niyə Təhlükəsizlik Şurasından kənarda qalmalıdır?
Sonda belə qənaətə gələ bilərik ki, Azərbaycanın sədrlik etdiyi, 1961-ci ildən fəaliyyətə başlamış bu qurum artıq özünün yeni mərhələsinə qədəm qoyub. Hərəkat faktiki olaraq daha fəal, daha effektiv bir qurum kimi diqqət mərkəzindədir. Bu isə birbaşa Azərbaycanın, onun liderinin xidmətinin nəticəsidir. Elə olmasaydı Azərbaycanın sədrlik müddəti bitdikdən sonra bu müddətin uzadılması istənilməzdi…