Press "Enter" to skip to content

Qardaş Qırğızıstanın hərbi heyəti Azərbaycandadır – VİDEO

Heyətlərarası görüş

BAYRAQDAR MEDİA – İyulun 6-da qardaş Qırğızıstanın müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Heyət əvvəlcə Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən veriblər.

Xəbərdə daha sonra deyilir ki, “Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-leytenant B.Bekbolotov protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb”.

“Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti barədə danışıb.

“General-polkovnik Z.Həsənov bildirib ki, Ordumuzun uğurlu əməliyyatlarından düzgün nəticə çıxarmayan Ermənistan üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq silahlı qüvvələrinin qalıqlarını hələ də ərazilərimizdə saxlamaqla regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi maneə yaradır. Azərbaycan Ordusu hər an istənilən təhdidin qarşısını almağa qadirdir”, – deyə xəbərdə bildirilir.

O da bildirilir ki, “ölkəmizə səfərindən məmnun olduğunu bildirən Qırğızıstanın müdafiə naziri isə öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. Xalqlarımızın tarixi dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini qeyd edib”.

Xəbərə görə, “görüşdə Azərbaycan ilə Qırğızıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib”.

Mission News Theme by Compete Themes.