Press "Enter" to skip to content

Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Buna uyğun olaraq iyulun 6-da Prezident İlham Əliyev sözügedən Universitetin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Sərəncamda deyilir ki, Prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin, incəsənətin inkişafında və bu istiqamətdə mütəxəssis hazırlığında ADMİU-nun xüsusi xidmətlərini nəzərə alaraq tapşırır ki, Elm və Təhsil Nazirliyi ADMİU-nun 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin və Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Daha sonra xəbərdə qeyd olunur ki, “dövrün görkəmli ədəbi simalarının və məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş ADMİU ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində Universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm töhfələr verib. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri arasında bu nüfuzlu təhsil ocağının çox sayda məzunu var. Universitetin yetirmələri hazırda Azərbaycanda və onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar. Fəaliyyətini dövlətin mədəniyyət və təhsil strategiyalarının hədəflərinə uyğun, müasir tələblər səviyyəsində quran Universitet mədəniyyətin və incəsənətin bütün başlıca sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli şəbəkə formalaşdırıb, həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil və mədəniyyət mərkəzləri ilə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yaradıb”.

Mission News Theme by Compete Themes.